Çexiyanın paytaxtı Praqa şəhərində karate idman növü üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı keçirilib.
Azərbaycan milli komandasının tərkibində yarışda iştirak edən “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli ixtisaslaşdırılmış olimpiya ehtiyatları uşaq-gənclər idman məktəbinin idmançıları 14-15 yaşlı idmançılar arasında Əzim Rahib +70 kq çəki dərəcəsində I yeri, həmin yaş kateqoriyası üzrə Aslan Dostuyev -57 kq çəki dərəcəsində III yeri, 18-21 yaşlı gənclər arasında mübarizə aparan Hüseyn Məmmədli -67 kq çəki dərəcəsində I yeri tutub.
Qeyd edək ki, 48 ölkədən 1064 idmançının qatıldığı turnirdə Azərbaycan milli yığma komandası 31 nəfər idmançı ilə mübarizəyə qoşulub. Onlardan 8 nəfəri Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarıdır.