Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao ilə görüşüb. Rektor son illərdə Çin və Azərbaycan arasında elmi-mədəni əlaqələrin inkişafından danışıb, ADU-nun nəzdindəki Konfutsi İnstitutunun uğurla fəaliyyət göstərdiyini, müxtəlif istiqamətlərdə vacib tədbirlər təşkil olunduğunu bildirib.   

 

ADU tələbələrinin Çinə, onun dilinə, tarixinə və mədəniyyətinə böyük marağının olduğunu deyən universitet rəhbəri diplomatı “Səfir saatı” layihəsində tələbələrlə görüşə dəvət edib.

 

ADU-da 20-dən artıq ölkənin dil və mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini qeyd edən akademik K.Abdulla təhsil ocağında qədim dillərdən olan sanskrit dilinin tədris olunduğunu da diqqətə çatdırıb. Bildirib ki, yaxın vaxtlarda qədim Çin dilinin tədrisi də planlaşdırılır.

 

Çinin Azərbaycandakı müvəqqəti işlər vəkili Dinq Tao qəbula, daimi dəstək və əməkdaşlığa görə təşəkkürünü bildirib. O deyib ki, ölkələrimizin universitetləri, beyin mərkəzləri, mediası, ədəbi və incəsənət qrupları arasında sıx mübadilələr aparılır.

 

Diplomat əlavə edib ki, ADU ilə sıx və səmərəli əməkdaşlıq mövcuddur, səfirlik bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsində, birgə tədbirlərin keçirilməsində maraqlıdır: “Azərbaycan Dillər Universiteti tələbələrinin Çin dilinə, ölkəmizin mədəniyyətinə və tarixinə olan marağı bizi çox sevindirir. Universitet nüfuzlu təhsil ocağı kimi Çin dilinin, mədəniyyətinin, tarixinin təbliğində böyük rol oynayır. Birgə elmi tədqiqatlar, konfranslar çox vacibdir. Bütün bu işlər bundan sonra da fəal şəkildə davam edəcək”.  

 

Görüş birgə konfransların, elmi tədqiqatların təşkil olunması ilə bağlı müzakirələrlə davam edib.