ADNSU ilə Kazan Federal Universiteti arasında birgə əməkdaşlıq haqqında razılıq əldə olunub


ADNSU-nun rektoru, professor Mustafa Babanlı Rusiya Federasiyasının Kazan şəhərində “Times Higher Education” dünya universitetlərinin reytinqi jurnalının “Qabaqcıl elmi araşdırmalar”: Avrasiya 2018 sammitində iştirak edib.

 

Sammit çərçivəsində rektor, professor Mustafa Babanlı avqustun 31-də Rusiyanın ikinci ən qocaman ali məktəbi olan, bu ilin Times Higher Education dünya universitetlərinin Avrasiya reytinqində onuncu yer tutan Kazan Federal Universitetinin (KFU) rektoru, professor İlşat Qafurovla görüşüb. Rektorlar  təhsil müəssisələrinin problemləri və onların həlli yolları haqqında geniş fikir mübadiləsi aparıb, öz təcrübələri ilə bölüşüb, nailiyyətləri ilə tanış ediblər.

 

KFU-nun rektoru qonağa bəzi elmi-tədqiqat laboratoriyaları göstərərək xüsusilə neftçıxarma və kimya texnologiyaları sahəsində müştərək elmi işlər aparılmasını təklif edib. Universitet rektorları müxtəlif istiqamətlərdə birgə əməkdaşlıq haqqında razılığa gəliblər.

 

Mustafa Babanlı universitetin zəngin tarixi və məşhur məzunları haqda məlumatı toplayan muzey ekspozisiyası ilə tanış olub.