Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Macarıstanın Azərbaycandakı səfiri Viktor Sederkenyi ilə görüşüb. 

 

Rektor diplomatik missiyası başa çatmaqda olan səfirlə ötən dövrdə keçirilən görüşlərin səmərəsi haqqında danışıb. Bildirilib ki, ADU-da fəaliyyət göstərən Macar Mərkəzi bir sıra önəmli tədbirlərin təşkil olunmasında yaxından iştirak edir. Vurğulanıb ki, mərkəz macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə müsbət təsir imkanlarına malikdir.

 

Macarıstanın  Azərbaycandakı səfiri Viktor Sederkenyi isə qeyd edib ki, macar dili və mədəniyyəti üzrə təhsil alan tələbələrin resurslarla təmin olunması və müəllimlərin fəaliyyətinə dəstək məqsədi ilə görülən işlər təqdirəlayiqdir. Qarşılıqlı əməkdaşlığın faydalarından danışan səfir gələcəkdə yeni əməkdaşlıq istiqamətlərinin olacağına əminliyini vurğulayıb.

 

Görüşdə aparılan elmi işlərin və səfirlik vasitəsi ilə tələbə-müəllim mübadiləsinin yeni inkişaf perspektivləri də müzakirə olunub. 

 

Daha sonra Vişeqrad qrupuna həsr edilmiş sərgiyə baxış keçirilib.