Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri və digər rəsmi şəxslər, o cümlədən universitetin professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Əvvəlcə ulu öndər Heydər Əliyev haqqında hazırlanmış qısa film nümayiş olunub.
Sonra çıxış edən rektor, professor M.Babanlı 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb. 2003-cü ildən Prezident İlham Əliyevin ümummilli liderin siyasi xəttini layiqincə davam etdirdiyini deyən rektor dahi liderin uzaqgörən siyasətinin nəticəsi olan, ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı, ardıcıl islahatların bu gün öz real bəhrəsini verdiyini bildirib.
Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərov müasir, müstəqil dövlətimizin qurulmasında və möhkəmlənməsində ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərindən danışıb, Ulu Öndərin müstəqilliyini itirmək təhlükəsi olan bir ölkədən müstəqil, sosial-iqtisadi inkişafa nail olmuş və bu gün bütün dünyada öz sözünü deyən demokratik bir ölkə yaratdığını deyib.
Tədbir ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının rəqs nömrələri, Asəf Zeynallı adına Musiqi Kollecinin tələbə və müəllim heyətinin ifaları, həmçinin Əməkdar artistlər- Təyyar Bayramov və Elnur Zeynallının ifalarında bədii hissə ilə davam edib.
Tədbirin sonunda ümummmilli lider Heydər Əliyevin siyasi uzaqgörənliyini bir daha təsdiq edən, Ulu Öndərin Qarabağın azad olunacağına inamını ifadə edən səs yazısı nümayiş olunub.
Tədbir “Azərbaycan” mahnısının sədaları altında yekunlaşıb.
...
Bakı Dövlət Universitetində (BDU) “Dahi şəxsiyyət və müdrik lider” adlı Respublika elmi konfransında çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, xalqların və dövlətlərin taleyində tarixi günlərin, yeni reallıqlar yaradan və inkişafa təkan verən ictimai-siyasi proseslərin olduqca böyük əhəmiyyəti var:”Zaman keçdikcə fenomenal liderlərin, tarixi yaradan şəxsiyyətlərin ən çətin situasiyalardakı misilsiz rolları, qəbul etdikləri müdrik qərarların qüdrəti bir daha aydınlaşır. Ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olan 15 iyun tarixi də xalqımızın və dövlətimizin tarixi və taleyində bu cür müstəsna rola malikdir. 1991-ci ildə xalqımız uzun illər arzusunda olduğu dövlət müstəqilliyini yenidən bərpa etsə də, təəssüf ki, qısa zaman kəsiyində müstəqilliyin itirilməsi sınağı ilə üz-üzə qaldı. Müstəqil Azərbaycan inkişaf və rifah əvəzinə, günü-gündən tənəzzülə uğradı. Xalqımız vətəndaş qarşıdurmasına yuvarlandı.1992-1993-cü illərdə hakimiyyətdə olan qüvvələr ölkə daxilində siyasi prosesləri tənzimləməyi bacarmır, respublikada sabitlik, əmin-amanlıq yaratmaq əvəzinə, səriştəsizlikləri ilə yaratdıqları böhranı daha da dərinləşdirirdilər. Belə bir dözülməz şəraitdə xalqımızı və ölkəmizi bu acınacaqlı vəziyyətdən yalnız fenomenal şəxsiyyət – ulu öndər Heydər Əliyev çıxara bilərdi. Qədirbilən xalqımız müdrik qərar verdi. Bu qərar dünyaya xilaskarlıq missiyası ilə gəlmiş ümummilli lider Heydər Əliyevin Naxçıvandan Bakıya – ölkənin siyasi mərkəzinə dəvət edilməsi idi”.
Rektor qeyd edib ki, Ulu Öndərin rəhbərliyi ilə qısa zaman ərzində aparılan siyasi-iqtisadi islahatlar, peşəkar ordu quruculuğu, bütün bunların fonunda yaranmış əmin-amanlıq, sabitlik, rifah xalqımızın sabaha olan ümidlərini artırdı. Xalqın inamından güc alan Ulu Öndər müstəqil Azərbaycan dövlətinin siyasi və hüquqi təsisatlarını, inkişaf strategiyasını müəyyənləşdirdi. 2003-cü ildə xalqın yüksək etimadını qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev isə Ulu Öndərin xilaskarlıq, qurtuluş, tərəqqi və rifah missiyasını uğurla davam etdirdi. Ölkəmiz daha da qüdrətləndi, əsası Ulu Öndər tərəfindən qoyulan siyasi idarəçilik sistemi inkişaf etdirildi.
Milli Məclisin üzvü, BDU-nun kafedra müdiri Kamilə Əliyeva 15 iyunun Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını və ölkənin iqtisadi, siyasi, hərbi inkişafının məhz bu möhtəşəm tarixdən başladığını qeyd edib.
Milli Məclisin üzvü Sevinc Fətəliyeva isə bildirib ki, Azərbaycanın qazandığı bütün nailiyyətlərin əsasında qurtuluş məfkurəsi, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası dayanır.
Konfransda tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Heydər Əliyev: 1969-1982-ci illər intibah dövrünün banisi, BDU-nun kafedra müdiri, akademik Yaqub Mahmudov “Azərbaycan tarixində Heydər Əliyev şəxsiyyəti”, kafedra müdiri İradə Hüseynova “Heydər Əliyev və Qafqazda sülh prosesi”, tarix fakültəsinin II kurs magistrantı Sarışan Adışova “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzularında məruzə ediblər.
...
Bakı Slavyan Universitetinin (BSU) kollektivi Fəxri xiyabanda müasir müstəqil Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılıb, məzarı üzərinə çiçəklər qoyulub.
BSU-da davam edən tədbirdə rektor Anar Nağıyev Azərbaycan tarixi qarşısında Ümummilli Liderin müstəsna, əvəzolunmaz rolundan söz açıb, müstəqil Azərbaycanın həyatında 15 iyun tarixinin önəmini qeyd edib:”Heç də təsadüfi deyil ki, bizim tariximizə bu gün Azərbaycan xalqının, dövlətinin, dövlətçiliyinin qurtuluş günü kimi daxil olub. Çünki məhz Heydər Əliyevin xalqın istəyi ilə Azərbaycanda siyasi hakimiyyətə qayıtması, Azərbaycan dövlətinə rəhbərlik etməsi Azərbaycanın növbəti illər üçün həyatını, müqəddəratını müəyyən etdi".
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun torpaqlarımızı düşmən işğalından azad etdiyini bildirən A.Nağıyev deyib ki, məhz həmin uzaqgörən siyasət nəticəsində ölkəmiz bu gün böyük beynəlxalq təşkilatlara, Qoşulmama Hərəkatına sədrlik edir. Rektor qeyd edib ki, 30 il tarix üçün kiçik dövrdür. Lakin Azərbaycanın 30 ilə əldə etdiyi uğurlar yüzilliklərə bərabər dövr kimi yadda qalıb.
13 iyunda BSU-nun yeni formatda formalaşmasının 22-ci ilinin tamam olduğunu deyən rektor 76 illik tədqiqat, akademik tarix və təcrübəyə malik tədris müəssisəsinin profilinin genişləndirilərək fəaliyyət göstərməsinin Ümummilli Liderin fəaliyyətinin, uzaqgörən müdrik qərarının nəticəsi olduğuna diqqət çəkib. A.Nağıyev vurğulayıb ki, biz gələcəyin yüksək ixtisaslı kadrlarını hazırlayan təhsil müəssisəsi olaraq, Ümummilli Liderin Azərbaycan xalqının inkişafı naminə həyata keçirdiyi fədakar fəaliyyətini hər zaman minnətdarlıq hissi ilə xatırlayaraq yad edirik.
Sonra Ulu Öndərə həsr edilmiş filmin nümayişi olub.
Tədbir mövzuya dair məruzələrlə başa çatıb.
...
Naxçıvan Dövlət Universitetində Yeni Azərbaycan Partiyası universitet şəhərciyi Ərazi Partiya təşkilatının təşkilatçılığı ilə “Heydər Əliyev: davamlı inkişaf strategiyasının müəllifi” mövzusunda tədbir keçirilib.
Universitetin rektoru Elbrus İsayev tarixə qızıl hərflərlə yazılan əlamətdar günün ulu öndər Heydər Əliyevin adı bağlı olduğunu diqqətə çatdırıb. Bildirilib ki, Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkədə müstəqil dövlət təsisatları yaradıldı, demokratik prinsiplər bərqərar oldu, Azərbaycan dövlətinin xarici siyasəti, dünyanın aparıcı dövlətləri və beynəlxalq təşkilatları ilə əlaqələri milli maraqlara və uzaqgörən siyasi perspektivlərə əsaslanan xətlə inkişaf etməyə başladı. Bütün bunların fonunda muxtar respublikanın da inkişafı istiqamətində əhəmiyyətli addımlar atıldı.
Beynəlxalq münasibətlər ixtisaslaşması üzrə I kurs magistrant Nelli Quliyeva ulu öndər Heydər Əliyevin Azərbaycanda apardığı uğurlu gənclər siyasətindən danışıb.
Yeni Azərbaycan Partiyası sıralarına yeni üzv qəbul olunan universitet tələbələrinə üzvlük vəsiqələri təqdim edildikdən sonra Yeni Azərbaycan Partiyası Naxçıvan Dövlət Universiteti ərazi partiya təşkilatı tərəfindən həyata keçirilən “Mənim Partiyam- Yeni Azərbaycan Partiyası” intellektual yarışının qalibləri mükafatlandırılıb.
...
Mingəçevir Dövlət Universitetində (MDU) “15 iyun 1993-cü il: Azərbaycan xalqını parlaq gələcəyə aparan yolun başlanğıcı” mövzusunda elmi konfrans keçirilib. Konfransda universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantları iştirak ediblər.
Konfransda çıxış edən MDU-nun rektoru Şahin Bayramov Azərbaycan xalqının taleyində dönüş anı hesab edilən 15 iyun tarixinin ölkəmiz üçün böyük ictimai, siyasi və tarixi əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra həyata keçirdiyi xilaskarlıq missiyasından bəhs edən rektor qeyd edib ki, məhz dahi şəxsiyyətin misilsiz öndərliyi, titanik fəaliyyəti, uzaqgörən və qətiyyətli siyasəti sayəsində Azərbaycan məhv olmaq təhlükəsindən qurtulub və əbədi müstəqilliyinə qovuşub. Müstəqil dövlətçiliyin əsaslarının yaradılması və möhkəmləndirilməsi, ictimai-siyasi sabitlik, milli birlik və həmrəyliyin təmin olunması, hərtərəfli, davamlı və dinamik inkişaf yoluna qədəm qoyulması və dövlətimizin dünya birliyində mövqeyinin güclənməsi əbədiyaşar lider Heydər Əliyevin adı ilə bağlıdır.
Bu gün Ulu Öndərin müəyyən etdiyi siyasi kursun onun layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun yeni keyfiyyət mərhələsində uğurla davam etdirildiyini vurğulayan Ş.Bayramov hazırda Azərbaycanın bölgədə yeni geosiyasi reallıqlar yaradan dövlət kimi tarixinin ən şanlı səhifələrini yazmaqda davam etdiyini bildirib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində doğma yurdlarımızın erməni işğalı və vandalizmindən xilas olunması ilə xalqımızın növbəti möhtəşəm qurtuluşunu yaşadığını qeyd edən Ş.Bayramov Ümummilli Liderin vəsiyyətinin yerinə yetirildiyini və onun ruhunun şad olduğunu deyib. Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
...
Naxçıvan Müəllimlər İnstitutunda Milli Qurtuluş Gününə həsr olunmuş lektoriyada “Böyük zəfərə milli qurtuluşdan gedən yol” mövzusunda çıxış edən Hümanitar və ictimai fənlər kafedrasının müəllimi Aslan İbrahimov qeyd edib ki, XX yüzilliyin 60-cı illərinin sonuna yaxın Azərbaycanın sosial-iqtisadi həyatını dərin böhran bürüdüyü, olduqca mürəkkəb, ağır bir şəraitdə, respublikanın iqtisadi inkişaf göstəricilərinə görə keçmiş Sovetlər Birliyində sonuncu yerdə olduğu bir zamanda hakimiyyətə gələn Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr XX əsr Azərbaycanının ictimai-iqtisadi, siyasi və mədəni inkişaf tarixində ən parlaq dövr hesab edilir. Məruzəçi Heydər Əliyevin ömür yolu, hakimiyyətdə olduğu illər və ikinci dəfə hakimiyyətə qayıdışından sonrakı dövrdə gördüyü işlər, ölkəmizdə fundamental əhəmiyyətə malik olan və həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verib.
Bildirib ki, dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən Heydər Əliyev ölkəmizin daxili və xarici siyasət proqramını hazırladı, dağıdılmış iqtisadiyyatın bərpa və inkişaf etdirilməsinin strategiyasını müəyyənləşdirdi, azad bazar iqtisadiyyatına doğru dərin və əhatəli sosial-iqtisadi, siyasi və mədəni islahatlar kursunu inkişaf etdirdi. Ulu Öndər qısa zamanda ölkənin sosial-iqtisadi, siyasi və mədəni inkişafının əsaslandırılmış proqramını hazırladı. Heydər Əliyevin həyata keçirdiyi düzgün və əsaslandırılmış daxili və xarici siyasət Azərbaycanın demokratik inkişaf yolu ilə sürətlə irəliləməsinə geniş istiqamət açdı, iqtisadiyyatın dirçəlməsinə səbəb oldu və bu siyasətlə Azərbaycan xalqının qurtuluşuna nail olundu.
...
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rəhbərliyi əvvəlcə ümummilli lider Heydər Əliyevin ali təhsil müəssisəsinin foyesində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra tədbirdə açılış nitqi ilə çıxış edən rektor, professor Cəfər Cəfərov bildirib ki, təxminən 30 il bundan öncə yenicə müstəqilliyini qazanmış respublikamızda yaranmış siyasi-iqtisadi və hərbi gərginlik, torpaqlarımızın mənfur düşmən tərəfindən işğal edilməsi fonunda siyasi hakimiyyətdə olanların səriştəsizliyi və şəxsi ehtirasları ucbatından ölkə vətəndaş qarşıdurması həddinə çatmış, respublika parçalanmaq və dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Məhz belə bir mürəkkəb və taleyüklü tarixi situasiyada qədirbilən və müdrik Azərbaycan xalqının təkidli tələbləri ilə o zaman Naxçıvanda məhdudiyyətlər içərisində öz fəaliyyətini davam etdirən Heydər Əliyev Bakıya gəldi və Milli Məclisin sədri kimi ölkədə iqtisadi-siyasi sabitliyin bərpası istiqamətində təxirəsalınmaz və ardıcıl tədbirlərin icrasına başladı. Bununla da xalqımız və dövlətimiz fəlakətə düçar olmaqdan, müstəqilliyin itirilməsi təhlükəsindən qurtulmuş oldu.
Universitetin tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, ADPU-nun Heydər Əliyev Mərkəzinin müdiri Tahir Süleymanov, ibtidai təhsil fakültəsinin dekanı, professor Fərrux Rüstəmov da Milli Qurtuluş Gününün tarixi-ictimai əhəmiyyətindən söz açaraq müstəqillik tarixinin gənclərə aşılanmasının önəminə diqqət çəkiblər.