15 İyun–Milli Qurtuluş Gününə həsr olunmuş tədbirlər keçirilib.
Belə ki, Bakı Gənclər Mərkəzində Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü, Bakı Gənclər Mərkəzi, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatı və 67 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə “Xarıbülbül” musiqi festivalı təşkil edilib.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, ziyalılar, 67 nömrəli tam orta məktəbin pedaqoji kollektivi, valideyn və şagirdlər iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə çıxış edənlər tariximizə qızıl hərflərlə yazılmış 15 İyun–Milli Qurtuluş Gününün Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğulayıblar. Azərbaycan tarixində mühüm rol oynayan bu günün tarixi barədə ətraflı məlumat verən çıxışçılar ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsilə ölkəmizdə vətəndaş müharibəsinin, dövlətçiliyin məhv olmasının və ölkənin parçalanmasının qarşısının alındığını bildiriblər.
Tədbir məktəblilərin ifasında musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar və rəqslərlə davam edib.
***
“Azərbaycan səninlədir-sənsiz deyil!” X Yaradıcılıq Festivalı qaliblərinin “15 İyun–Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram konserti keçirilib.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, millət vəkilləri Madər Musayev, Eldar İbrahimov, Kəmaləddin Qafarov, Cavid Osmanov, Arzu Nağıyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, şəhid ailələrinin üzvləri, qazilər, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatının əməkdaşları, hüquq mühafizə orqanlarının rəhbərləri, ümumitəhsil, məktəbəqədər və incəsənət məktəblərinin rəhbərləri və müəllimləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Festival Azərbaycan Respublikasının müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan, xalqın xilaskarı ulu öndər Heydər Əliyevin, Vətən uğrunda, torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsindən sonra açıq elan edilib.
Festivalda münsiflər heyətinin seçim turları nəticəsində musiqi, ifaçılıq, rəqs, rəssamlıq və bədii qiraət üzrə 280-dən çox məktəbli arasında 145 nəfər qalib seçilib. Qalib iştirakçılar müxtəlif nominasiyalar üzrə ifalarını nümayiş etdiriblər.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini Fərhad Hacıyev, millət vəkili Eldar İbrahimov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov ulu öndər Heydər Əliyev kimi fenomenal bir şəxsiyyətin Azərbaycanda hakimiyyətə gəlməsinin tarixi hadisə olduğunu vurğulayıblar.
Tədbirdə çıxış edənlər tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun tarixini onu dərindən dərk edənlər, Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün üçün çox əziz tarix, əsil qurtuluş tarixi olduğunu qeyd ediblər.