Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) Türkiyənin İzmir şəhərində yerləşən Ege Universiteti (EU) ilə birlikdə beynəlxalq ikili diplom proqramını icra edir. ADAU və EU arasında bakalavr səviyyəsində beynəlxalq ikili diplom proqramlarının birgə icrasına dair protokola əsasən, “Aqronomluq”, “Aqromühəndislik”, “Bitki mühafizəsi” və “İqtisadiyyat” ixtisaslarında tələbə qəbulu aparılır.

 

Universitetdən bildirilib ki, tədris prosesi 3 il (6 semestr) ADAU-da 1 il (2 semestr) Ege Universitetində Türkiyə türkcəsində və Azərbaycan dilində təşkil edilir. İkili diplom proqramları üzrə maliyyələşmə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində təşkil olunur.

 

ADAU bu Dövlət proqramına 2021-ci ildən etibarən qoşulub və Ege Universiteti ilə yuxarıda sadalanan ixtisaslar üzrə müştərək şəkildə tədris prosesini icra edir.

 

Qeyd edək ki, Ege Universiteti 1955-ci ildə qurulub, ilk fakültələri ADAU ilə ikili diplom proqramlarının icra edildiyi Kənd təsərrüfatı fakültəsi və Tibb fakültəsidir.  Ege Universitetinin 17 fakültəsi, 9 Elmi-Tədqiqat İnstitutu, 4 kolleci, 1 Dövlət Türk Musiqisi Konservatoriyası, 10 Peşə Məktəbi, rektorluğa tabe olan 6 ixtisas və 37 Tətbiq və Araşdırma Mərkəzi, ümumilikdə 65 mindən çox tələbəsi var.

 

İkili diplom proqramlarına qəbul 1-2 və 4-cü qruplar üzrə Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanları vasitəsi ilə aparılır. Bu ixtisasların hamısına dövlət sifarişi əsasında qəbul həyata keçirilir və proqramın bütün digər xərcləri yuxarıda adı çəkilən Dövlət proqramı çərçivəsində maliyyələşdirilir.

 

İkili diplom proqramının əsas üstünlükləri  4 il ərzində iki diplom əldə etmək şansı, çoxdilli tədris mühiti, tam təqaüdlü təhsil, Azərbaycan və Türkiyədə təhsil, ADAU və EU-nun təcrübəli professor-müəllim heyəti və maddi-texniki bazasından istifadə etmək imkanı, İzmirdə 1 il yaşamaq və təhsil almaq fürsəti, aqrar sahənin zəngin iş imkanlarından ibarətdir. Dövlət proqramı çərçivəsində maliyyələşən xərclərə təhsil haqqı, qeydiyyat, eləcə də tədris materialları və elektron informasiya resurslarına çıxış xərcləri, xaricdə təhsil, yay məktəbində və istehsalat təcrübəsində iştirak xərcləri daxildir.

 

Cari tədris ilində Ege Universitetindən ADAU-ya, ümumilikdə 34 professor-müəllim heyəti ezam olunub və onlar iki semestr ərzində “Aqronomluq”, “Aqromühəndislik”, “Bitki mühafizəsi” və “İqtisadiyyat” ixtisasları üzrə tələbələrə müvafiq fənləri tədris ediblər. Tələbələrin asudə vaxtlarının daha səmərəli təşkili istiqamətində bir çox addımlar atılıb ki, bunlara misal olaraq Ege Universitetində təhsil alan tələbələrlə birlikdə qurulmuş “Aqrar Gənclər Təşkilatı”, “Şahmat”, “Voleybol”, “Futzal”, “Kinoklub” və s. tələbə klublarını, müxtəlif gəzinti və s. sosial fəaliyyətləri göstərmək olar.

 

Xatırladaq ki, Dövlət proqramı çərçivəsində ikili diplom üzrə 2022 və 2023-cü illərdə tələbə qəbulu aparılması nəzərdə tutulub.

 

Proqramla bağlı ətraflı məlumatı səhifədən əldə etmək olar.