Respublika fənn olimpiadalarının qalibinin uğur hekayəsi


Bugünkü yeniyetmələr daha bacarıqlıdır və yüksək hazırlığa malikdirlər... Bəli, bu fikirlər  son illər ictimaiyyət arasında tez-tez təkrarlanır. Doğrudan da şagirdlərimizin ildən-ilə əldə etdikləri uğurların sayı artmaqdadır. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif səpgili layihələr, olimpiadalar və bilik yarışları məhz bizə neçə-neçə yüksək bilik və bacarığa, istedada malik olan yeniyetmə və gənclərimizi tanıtdırıb. Aqil Əlipaşayevi də  məhz öz yaşıdlarından fərqləndirən cəhət onun respublika fənn olimpiadalarında əldə etdiyi yüksək nəticələridir.

 

Bu istedadlı yeniyetmə Bakı şəhəri  Faiq Rəfiyev adına 166 nömrəli tam orta məktəbin  X sinif şagirdidir. O, artıq iki ildir ki, Təhsil Nazirliyinin keçirdiyi respublika fənn olimpiadalarına qatılaraq tarix fənni üzrə  uğurlu nəticələr əldə edib. Aqilin tarix fənninə marağı ötəri  deyil və ona  olan sevgisini belə izah edir : “Mənə tarix fənninə marağı atam aşılayıb. Hələ uşaqlıqdan tariximizə aid kitabları atam evə alıb gətirdiyi zaman mənə də oxumağı tövsiyə edirdi. Mən də maraqla həmin kitabları oxuyurdum. İlk vaxtlar təkcə mütaliə məqsədi ilə əlimə aldığım kitabları oxuduqca məni tarixi məqamlar, faktlar və xronologiyalar özünə cəlb etdi. Hər bir tarixi mövzu ilə bağlı kiçik araşdırmalar aparmağa  başladım. Zaman keçdikcə bu fənnə olan marağımın artdığını hiss etdim”.

 

Aqil deyir ki, məktəbdə tarix fənni ilə tanışlığı V sinifdən başlayıb. Ona məhz məktəbdə  bu fənni ilk dəfə sevdirənlərdən biri də  İlhamə müəllim olub. Sonra digər pedaqoqlardan - Könül müəllim də bu fənni daha dərindən öyrənməkdə köməklik  göstərib. IX sinifdə  Ağabəyim müəllim, X sinifdə isə Akif müəllim tarixə aid biliklərini zənginləşdirməkdə yardım ediblər. Onu da qeyd edir ki, məktəblilərin fənn olimpiadalarında tarix fənni üzrə hazırlaşmağında Könül müəllimin xüsusi rolu var.

 

Aqil əsasən ölkəmizin tarixinin Səfəvilər, Azərbaycan Xalq Cümhuriyyəti dövrlərini, Cənubi Azərbaycan mövzusunu araşdırmağa xüsusi maraq göstərir.        

 

Bu istedadlı yeniyetmə olimpiadaya hazırlaşdığı dövrdə Bakı Şəhər İcra Hakimiyyətinin təşkil etdiyi  ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan elmi-praktik konfransda da iştirak edib. Konfransda Bakının Qaradağ rayonunu təmsil edən Aqil Əlipaşayev “Gülüstan və Türkmənçay müqavilələri: Azərbaycanın Rusiya tərəfindən işğalı”mövzusunda məruzə ilə çıxış edib. 

 

Tarixçi olmaq arzusunu dilə gətirən  paytaxt məktəblisi Babəkin şəxsiyyəti, Alban dövrü ilə bağlı ziddiyyətli fikirlərin, bu istiqamətdə tədqiqatların aparılmasının vacib olduğunu söyləyir. Azərbaycanlıların etnogenezi-milli mənşəyi ilə bağlı araşdırmaların da zəruriliyinə diqqət çəkərək ən böyük arzusunun ali təhsil illərində  elə bu mövzularla bağlı elmi tədqiqat işləri aparmaq olduğunu bildirir.

 

Aqilin əldə etdiyi nəticələr oxuduğu ümumi təhsil müəssisəsi  tərəfindən də rəğbətlə qarşılanır. Belə ki, təhsil aldığı 166 nömrəli tam orta  məktəbin direktoru Zeynəb Vəliyeva  onu respublika fənn olimpiadalarında qazandığı nailiyyətə görə  diplomla təltif edib.

 

O, məktəbdənkənar tədbirlərdə, ictimai işlərdə də fəal iştirakı ilə seçilir. Belə ki, ötən il Bakıda keçirilən Azərbaycan uşaqlarının V Ümumrespublika forumunda Aqil Əlipaşayev “Vətəni sevək, ona layiq olaq” mövzusunda məruzə ilə çıxış edib. Bundan başqa o musiqiyə də böyük həvəs göstərir, müxtəlif bayram şənliklərində, müsabiqələrdə nağara ifaçısı kimi diqqət çəkir.

 

Ötən ilki  respublika fənn olimpiadalarının qaliblərinin təltifetmə mərasimini, təhsil naziri Emin Əmrullayevin onlarla  görüşünü xoş hisslərlə xatırlayan A.Əlipaşayev ölkəmizdə gənclərin yüksək bilik və bacarıq almaları üçün hər cür imkan və şəraitin yaradıldığını söyləyir.

 

İnanırıq ki, tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirən tarixçilərimizin arasında bir gənc tarixçi kimi  Aqilin də öz yeri olacaq.  Bu yolda ona uğurlar arzulayırıq.

 

Qabil YUSİFOĞLU