Avqustun 31-də “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan “Yay məktəbi” nin bağlanış mərasimi keçirilib. “Yay məktəbi”nə şagirdlər arasında keçirilən “Brendini tanıt” adlı müsabiqənin final mərhələsi ilə yekun vurulub.
Müsabiqənin final mərhələsinə Bakı şəhəri üzrə “Yay məktəbi”nin II mərhələsinin əhatə etdiyi 12 ümumi təhsil müəsssisəsinin VII-VIII sinif şagirdlərindən ibarət 5, 27, 57, 95, 166 saylı məktəblərin komandaları qatılıb. Həmin məktəblər öz brendlərini təqdim ediblər.
Tədbirdə çıxış edən təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Nazir müavini layihənin şagirdlərin bacarıqlarının üzə çıxarılmasında, onlara sağlam həyat tərzinin aşılanmasında əhəmiyyətli rol oynadığını vurğulayıb.
Sonra çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev “Məktəblinin dostu” layihəsinin önəmindən danışıb, “Yay məktəbi” nin şagirdlərin asüdə vaxtlarını daha da səmərəli keçirmələri baxımından əhəmiyyət daşıdığını bildiriblər.
Münsiflərin qiymətləndirməsinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 166, 5 və 95 saylı tam orta məktəblərin komandaları müvafiq olaraq I, II və III yerləri tutublar. Qalib komandalara hədiyyələr və diplomlar təqdim olunub.
Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzdindəki ümumi təhsil müəssisələrində reallaşdırılmış “Yay məktəbi”ndə iyulda V-VI, avqustda VII-VIII sinif şagirdləri iştirak ediblər. Bu müddətdə 1000-dən çox məktəbli üçün təlim, seminar, informativ sessiya, ekskursiya, idman yarışları və əyləncəli saatlar təşkil edilib.
“Yay məktəbi”nin təşkil olunmasının əsas məqsədi yay istirahəti dövründə uşaqlara keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasıdır.
Xatırladaq ki, “Məktəblinin dostu” layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 30 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparmaqdır.