Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Çili Respublikasının ölkəmizdəki səfiri Rodriqo Arkosla görüşüb.
K.Abdulla ölkələr arasında əlaqələrin inkişafından, yeni əməkdaşlıq münasibətlərinin qurulmasından danışıb:
“Biz Çili mədəniyyəti, ədəbiyyatı, təhsili ilə daha dərindən tanış olmağa hazırıq. Arzu edərdik ki, Çili universitetlərinin biri ilə ciddi əməkdaşlığımız başlasın. İnanıram ki, bizim sıx əlaqələrimiz yaransa, Çilidə ictimaiyyətin Azərbaycan haqqında təsəvvürləri daha da dolğunlaşacaq, eyni zamanda Azərbaycanda Çili haqqında təsəvvürlər genişlənəcək. Bizim bir sıra layihələrimiz var. Bu layihələrdən birini Çili universitetlərindən biri ilə həyata keçirə bilərik. Eyni zamanda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi ildə iki dəfə yay və qış məktəbi layihəsini həyata keçirir. Çox istərdim ki, Çilidən olan tələbələr də həmin layihədə iştirak etsinlər. Əməkdaşlığımızın həm Çili, həm də Azərbaycan üçün faydası böyük olacaq”.
Çili diplomatı Rodriqo Arkos isə qeyd edib ki, səfirlik Azərbaycan Dillər Universiteti ilə əməkdaşlıqda, əlaqələrin dərinləşməsində maraqlıdır. Multikulturalizm istiqamətində layihələrin hər iki ölkə üçün faydalı olduğunu diqqətə çatdıran səfir bu istiqamətdə konkret addımların atılması üçün təşəbbüs göstərəcəyini deyib: “İki ölkə arasında elmi, mədəni, siyasi əlaqələrin qurulması üçün məhz multikulturalizm istiqaməti çox yaxşı fürsətdir. Həmçinin Çilinin mədəniyyəti və ədəbiyyatının Azərbaycanda təbliği bizim üçün prioritet istiqamətdir. Bu sahədə birgə işlərimiz üçün zəruri addımlar atılacaq”.
Görüş tələbə-müəllim mübadiləsi, dillərin öyrənilməsi, elmi-mədəni əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımların vacibliyi, qarşılıqlı əlaqələr və əməkdaşlıq imkanlarının müzakirəsi ilə davam edib.