Bakı Mühəndislik Universitetində (BMU) “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalında uğur qazanmış BMU-nun tələbə komandalarının üzvlərinin mükafatlandırılması mərasimi keçirilib.
Öncə universitetin foyesində komandaların üzvlərinin təqdimatında sərgiyə çıxarılmış texnoloji layihələrə baxış olub.
BMU-nun rektoru, professor Havar Məmmədov festival barədə ümumi məlumat verib, respublikamızın ali və orta məktəblərinin komandalarının festivala müxtəlif texnoloji layihələrlə qatıldığını deyib və tədbirdəki nailiyyətlərin Azərbaycanda elm, təhsil, texnologiya sahəsində müasir biliklərə, bacarıqlara malik yeni nəslin yetişdiyini bir daha sübut etdiyini bildirib.
BMU-nun 7 tələbə komandasının (“TexnoMex”, “RED”, “İ.Asimov”, “BÖRÜ”, “Curiosity”, “CabEx”, “Iradus Eko”) öz innovativ layihələri ilə dünyanın ən böyük aviasiya, kosmos və texnologiya festivalı olan “TEKNOFEST”də təmsil olunduğunu və final mərhələsinə yüksəldiyini önə çəkən rektor onlardan “RED” komandasının Robotexnika kateqoriyası üzrə birinci yeri tutaraq qaliblər sırasında qərarlaşdığını bildirib.
BMU-nun komandasına mükafatın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın festivalda iştirakı zamanı təqdim olunduğunu, bu hadisənin universitetin tələbələri, həmçinin kollektivi tərəfindən böyük qürur və sevinc hissi ilə qarşılandığını vurğulayan H.Məmmədov “RED” komandasının Türkiyədə “TEKNOFEST İstanbul -2022” festivalında iştirak etmək imkanı qazandığını söyləyib.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev festivalın Azərbaycanın Müstəqillik Gününə həsr olunmasının xüsusi məna kəsb etdiyini söyləyib və müstəqil dövlətimizin son 30 il ərzində işğal altında olan torpaqlarının azad edilməsində, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı nailiyyətlərdə qardaş Türkiyənin ölkəmizə siyasi və mənəvi dəstək verdiyini vurğulayıb.
Qlobal dünyada gedən proseslərin daima dəyişdiyini önə çəkən R.Əliquliyev müasir dövrdə texnologiyaların rolundan danışıb və festivalın Azərbaycanda aerokosmik texnologiyalar, müdafiə sənayesi və innovativ sahibkarlıq kimi sahələrin geniş təşviq edilməsi, rəqəmsal bilik və bacarıqlara, innovativ düşüncəyə malik istedadlı gənclərə dəstək göstərilməsi, ölkədə kadr potensialının gücləndirilməsi və milli texnoloji həllərin inkişafı üçün əlverişli zəmin yaratdığını bildirib.
Azərbaycanın yüksək texnologiyalar sahəsində həm dünyada, həm də regionda dünyanın aparıcı ölkələri sırasında rolunu vurğulayan akademik ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işlərinin ağıllı texnologiyaların əsasında aparıldığını nəzərə çatdırıb.
AMEA-nın “TEKNOFEST”in aktiv iştirakçılarından biri olduğunu deyən vitse-prezident təmsil etdiyi qurumun elmi-tədqiqat institutlarının sərgilədiyi layihələrin iştirakçıların böyük marağına səbəb olduğunu da qeyd edib.
Akademik ali məktəb tələbələrinin və orta məktəb şagirdlərinin seçilmiş layihələrinin müxtəlif nominasiyalar üzrə yer tutmalarından bəhs edib, final mərhələsində qələbə çalan BMU komandasını AMEA-nın rəhbərliyi adından təbrik edib və bunu böyük nailiyyət kimi qiymətləndirib.
Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov festivalın bitməsinə baxmayaraq, onun sevincinin davam etdiyini qeyd edib. Bildirib ki, festivalda təşkil olunan müsabiqələrin əsas məqsədi bacarıqlı gəncləri üzə çıxarmaq, həmçinin onların inkişafına dəstək olmaqdır. “TEKNOFEST”in ilbəil böyüyərək yeni uğurlara və rekordlara imza atdığına toxunan nazir müavini texnologiya sahəsində festivalın dünyanın ən nüfuzlu tədbirlərindən birinə çevrildiyini söyləyib. Nazirlik rəsmisi festivalın Azərbaycan və Türkiyənin arasında dostluq, qardaşlıq və strateji müttəfiqlik əlaqələrinin növbəti təzahürü olduğunu deyib, eyni zamanda iki qardaş ölkənin gələcəyə birgə addımlayacağının mesajı kimi qiymətləndirib.
Festival çərçivəsində 8 texnoloji müsabiqə və 3 beynəlxalq tədbirin baş tutduğunu bildirən nazir müavini bu yarışların pilotsuz uçuş aparatları, peyk modelləşdirilməsi, robototexnika və digər sahələr üzrə gənclərə öz bacarıqlarını göstərməyə imkan verdiyini vurğulayıb.
Tədbirin sonunda festivalda uğur qazanmış BMU-nun komanda üzvlərinə Fəxri fərman və mükafatlar təqdim olunub.