Bakı Dövlət Universitetinin (BDU) Qazax filialında 2021/2022-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası davam edir.
BDU-dan verilən məlumata görə, sessiya ərzində 17 ixtisas üzrə 54 qrupda imtahanlar keçirilir. Bakalavriat səviyyəsi üzrə 1204, magistratura pilləsi üzrə isə 11 nəfər tələbə imtahanlarda iştirak edir. Sessiya ərzində əyani şöbə üzrə, ümumiyyətlə 314 imtahanın keçirilməsi nəzərdə tutulub. İmtahanlar gün ərzində 2 növbədə keçirilir və başa çatdıqdan sonra onun nəticələri tələbələrə həmin gün elan olunur.
Filialda imtahanların şəffaf və obyektiv keçirilməsi üçün bütün şərait yaradılıb. İmtahan sessiyasında tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunması məqsədilə Operativ Qərargah və Apelyasiya Komissiyası formalaşdırılıb. Eyni zamanda, filialda “Qaynar xətt” də fəaliyyət göstərir.
Qazax filialının direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olur, tələbələri maraqlandıran sualları cavablandırır.
Yaz sessiyası iyul ayının 1-dək davam edəcək.