"Teknofest"in birincisi – BANM-in “Atəşgah” komandası öz uğurlarından danışır
Bakıda ilk dəfə keçirilən Türkiyənin ən böyük aviasiya, kosmos və texnologiya festivalı - "Teknofest"də 1-ci yerin qalibi olan komandalardan biri də Bakı Ali Neft Məktəbinin (BANM) “Atəşgah” komandasıdır.
Komanda üzvləri layihələri və uğurları haqqında öz düşüncələrini bölüşüblər.
-“Teknofest”də birinci yerə layiq görülən layihənizin fərqliliyi nədir?
Murad Rəhimov, “Atəşgah” komandasının mentoru (Kimya mühəndisliyi ixtisasının məzunudur. Hazırda Türkiyənin Yıldız Teknik Universitetində magistratura təhsili alır. Startapçıdır) :
Hazırda günəş panellərindən çox istifadə olunur. Layihəmizin əsas məqsədi günəş panellərinin soyudulmasıdır. Günəş panelləri günəşin altında çox qaldığı zaman isinir və yüksək temperaturda faydalı iş əmsalı, yəni səmərəliliyi aşağı düşür. Biz bunu artırmağın yollarını araşdırdıq. Qərara gəldik ki, bunun üçün fazadəyişən maddələr istifadə edə bilərik. Belə bir maddə hazırladıq. Fazadəyişən maddə əsasən bərk olur, əridiyi zaman özündə çox miqdarda istilik uda bilir. Günəş panelləri isindiyi zaman fazadəyişən maddə istiliyi özünə çəkir və günəş panellərinin temperaturunu 35-40 dərəcə aralığında saxlayır. Bununla da biz günəş panellərinin faydalı iş əmsalını artıra bilirik. “Teknofest”də qalib gələn layihəmizdə bunu nümayiş etdirdik. Bizim hazırladığımız maddə olan günəş paneli 35-40 dərəcədə olduğu halda, digəri 50 dərəcəyə qədər qalxa bilirdi.
Fərid Əliyev, “Atəşgah” komandasının kapitanı:
Bizim layihənin üstünlüyü ondan ibarətdir ki, elmi işə əsaslanr, yeni, innovativ, dayanıqlı, işlək, tətbiq edilə bilən və başa gəlməsi baxımından qiyməti münasibdir. Elə layihələr var ki, ideya yaxşıdır, amma onun tətbiqi mümkünsüzdür, qiymət, iqtisadi baxımdan səmərəli deyil, ya da istifadə etmək asan deyil. Bizim layihədə isə bu problemlər aşılmışdı. Hazırda layihəmizi günəş panellərində istifadə edə bilərik və tətbiq edilməsində heç bir problem yoxdur.
“Teknofest”ə necə qatıldınız?
Fatimə Məmmədova, “Atəşgah” komandasının üzvü:
Biz dərslərlə yanaşı, daim yeni ideyalar axtarışında oluruq. Dövr dəyişir, dünyada alternativ enerjiyə keçid başlayıb. Lakin bu zaman bir sıra problemlər ortaya çıxır. Düşündük ki, bu sahə ilə bağlı layihə edək. Müəllimlərimiz Farab Kamyabi və Elmar Əsgərzadənin məsləhətləri ilə bu layihənin üzərində işləməyə başladıq. 6 ay laboratoriyada işlədik, elmi araşdırmalar apardıq. “Teknofest”in Azərbaycanda keçirilməsi xəbərini eşitdikdən sonar hörmətli rektorumuz Elmar müəllimin tövsiyəsi ilə festivala qatılmaq qərarına gəldik. Əvvəlcə bizim məqsədimiz, sadəcə öz ideyalarımızı insanlarla bölüşmək, gələcəyə yönəlik layihəmizin olması idi. “Teknofest” isə bizim üçün bir fürsət oldu. Layihəmizi inkişaf etdirmək və təkmilləşdirmək fikrimiz var.
Teknofest sizə nə qazandırdı?
Faiq Əliyev, “Atəşgah” komandasının üzvü (2019-cu ildə Parisdə keçirilən Beynəlxalq Kimya Olimpiadasında bürünc medala layiq görülüb. Beynəlxalq olimpiada qaliblərinin Azərbaycan universitetlərinə müsabiqədənkənar qəbul qərarından sonra BANM-in Kimya mühəndisliyi ixtisasına qəbul olunub):
Bizə yaratdığı şəraitə görə hörmətli rektorumuz Elmar Qasımova təşəkkür edirik. Nobel mükafatçısı Əziz Sancarın dediyi kimi, məqsədimiz “Teknofest”də iştirak edib yer tutmaq deyildi. Vətənimizə və insanlara xeyir verə biləcək bir layihə ərsəyə gətirmək istəyirdik. Layihəmizin güclü olduğunu bilirdik. Festivalda bizim stendə dövlət qurumlardan, müxtəlif yerlərdən insanlar və sıravi vətəndaşlar yaxınlaşırdı və bizim layihəyə çox böyük maraq göstərirdilər. Bu bizi daha çox sevindirirdi ki, layihəmizin dövlətimizə xeyri dəyə bilər. İki Prezident və bir Nobel mükafatçısının yanında durmaq, onlardan mükafat almaq çox qürurverici idi. Bu bizi motivasiya etdi ki, dayanmayaq və irəli gedək.
Murad Rəhimov:
Azərbaycanda bu cür böyük beynəlxalq yarışların, festivalların keçirilməsi gənclərdə, uşaqlarda elmə maraq yaratması baxımından önəmlidir. Bu yarışlar sayəsində insanların savadlılıq dərəcəsi artır. Festivala 7-dən 77-ə hər kəs maraq göstərirdi. Onlar üçün də yeni ideyalar görmək, öyrənmək maraqlıdır. Məqsədimiz insanlara elm öyrətmək, elm aşılamaq və bu yöndə vətənimizə, dövlətimizə, xalqımıza xeyirli insan olmaqdır.
Fatimə Məmmədova:
Biz ilk növbədə Azərbaycanda gənclərin elmə olan marağını, ölkəmizdə elmin, təhsilin inkişaf etdiyini, gənclərin elmi potensialını, bacarıqlarını nümayiş etdirmək istəyirik. Qalib olmaq, iki Prezident və bir Nobel mükafatçısı ilə yan-yana dayanmaq, onların əlindən mükafat almaq bizi daha böyük işlərə imza atmaq üçün motivasiya etdi. Məqsədimiz layihəmizi biznes olaraq inkişaf etdirmək və onu Azərbaycan məhsulu kimi yerli və xarici bazara çıxarmaqdır.
Faiq Əliyev :
Dörd gün boyu möhtəşəm, əyləncəli bir festivalda iştirak etdik, digər layhələrlə də tanış olduq, insanların fikirlərini öyrəndik, məlumatlandıq, Azərbaycanın gələcəyinin əmin əllərdə olduğunu gördük. İstərdik ki, hər il Azərbaycanda bu cür festivallar keçirilsin. Həm məktəblilərin, həm tələbələrin belə layihələrdə iştirak etməsi, öz fikirlərini, ideyalarını ortaya qoyması gözəl haldır. Bəlkə də Əziz Sancar, Səlcuk Bayraktar kimi şəxsiyyətlər öz aramızdadır. Gələcəkdə onlar kimi böyük insanlar bu cür layihələr, festivallar sayəsində ortaya çıxacaq.