Pakistanın ən nüfuzlu universitetlərindən biri olan Müasir Dillər Universitetində Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü və təşkilatçılığı, eləcə də ölkəmizin Pakistandakı səfirliyinin dəstəyi ilə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub. 

 

Bu münasibətlə keçirilən tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, millət vəkili, ADU-nun sosial məsələlər üzrə prorektoru Tamam Cəfərova, elm və innovasiya məsələləri üzrə prorektoru professor Novruz Məmmədov, ADU-nun Xarici mərkəzlərlə iş bölməsinin müdiri Anar Rəhimov, Pakistanın Müasir Dillər Universitetinin rektoru Məhəmməd Cəfər, bu universitetin prorektorları, müəllim və tələbə heyəti, eləcə də səfirlik əməkdaşları iştirak ediblər.

 

Pakistanın Müasir Dillər Universitetinin (NUML) prorektoru Zubair İqbal Azərbaycan və Pakistanın iki qardaş ölkə olduqlarını bildirib, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzinin, NUML-da isə Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərməsinin ölkələrimiz arasındakı əlaqələrin bundan sonra da möhkəmlənməsində xüsusi rol oynayacağını qeyd edib.

 

ADU-nun prorektoru, professor Novruz Məmmədov dərin tarixi köklərə malik Azərbaycan-Pakistan münasibətlərindən danışıb, bu əlaqələrin strateji səviyyəyə çatmasında hər iki ölkə rəhbərlərinin rolunu xüsusi qeyd edib. Pakistanın Ermənistanı işğalçılıq siyasətinə görə dövlət kimi tanımadığını qeyd edən N. Məmmədov bu illər ərzində, həmçinin, 44 günlük Vətən müharibəsi zamanı qardaş Pakistanın Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyi vurğulayıb, bu ölkənin Hökumətinə və xalqına təşəkkürünü çatdırıb. N.Məmmədov Pakistanın Müasir Dillər Universitetində Azərbaycan Dili və Mədəniyəti Mərkəzinin açılmasının tarixi bir hadisə olduğunu bildirib, bu mərkəzin iki ölkə arasındakı əlaqələrin daha da genişləndirilməsinə öz müsbət töhfəsini verəcəyini diqqətə çatdırıb. Ortaq elmi tədqiqat işlərinin aparılmasının önəminə toxunan professor urdu və Azərbaycan dillərində mövcud olan eyni sözlərin tədqiqatlarının aparılması üçün birgə komissiyanın yaradılmasının vacibliyini vurğulayıb. 

 

Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov Azərbaycan-Pakistan münasibətlərindən söhbət açaraq əlaqələrin daha da gücləndirilməsi üçün görülmüş işlərdən danışıb. Diplomat artıq Pakistanın 3 böyük şəhərindən – Karaçi, Lahor və İslamabaddan paytaxt Bakıya birbaşa uçuşlara start verildiyini bildirib, eləcə də Hökumətlərarası Birgə Komissiyanın fəaliyyəti, bu Komissiyanın tərkibində yaradılmış 10-a yaxın işçi qrupları barədə məlumatları diqqətə çatdırıb.

 

Səfir Azərbaycan və Pakistan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü ərəfəsində Pakistan Senatı tərəfindən yekdilliklə qəbul olunmuş Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyünə dəstəyi ifadə edən, Xocalı soyqırımını qınayan, həmçinin qarşılıqlı əlaqələrin daha da gücləndirilməsini təşviq edən qətnaməni xüsusi vurğulayaraq bu qətnamənin iki ölkə arasındakı qardaşlıq münasibətlərinin bariz nümunəsi olduğunu bildirib.

 

Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətə başlaması münasibətilə hər iki universitet rəhbərliyini təbrik edən səfir sözügedən mərkəzin ölkələrimiz arasında elmi, mədəni, humanitar sahələr üzrə münasibətlərin daha da dərinləşdirilməsində önəmli rol oynayacağını diqqətə çatdırıb.