Azərbaycan Texniki Universiteti (AzTU) ilə Azərbaycan Layihələrin İdarəedilməsi Assosiasiyasının (AzPMA) əməşkdaşlığı çərçivəsində təşkil edilən “Layihələrin idarə olunması” mövzusında təlimlərin yekun tədbiri keçirilib. Tədbirdə AzTU-nun rektoru Vilayət Vəliyev, tələbələr, müəllimlər və əməkdaşlar iştirak ediblər.
AzTU-nun rektoru Vilayət Vəliyev belə təlimlərin əhəmiyyətindən danışıb, universitetdə layihələrin idarə olunması ilə bağlı görülən mühüm işləri və mövcud problemləri diqqətə çatdırıb. V.Vəliyev bu istiqamətdə layihə əsaslı yanaşmanı genişləndirmək, həmçinin mütəmadi təlimlərin təşkil olunmasını da məqsədəuyğun hesab edib.
Qeyd edək ki, təlimlər 3 istiqamətdə ("Ali təhsil müəssisələrində layihələrin idarəedilməsini sistemləşdirmək və effektivliyi artırmaq", "Ali təhsil müəssisələri tələbələrinin layihə menecmentinə maraqlarını stimullaşdırmaq və onları beynəlxalq bilik və təcrübə mübadiləsi sisteminə inteqrasiya etmək”, "Ali təhsil müəssisələrində layihə menecmenti kursunun müasir tələblərə uyğun olaraq keyfiyyətini artırmaq") təşkil edilib.
Məqsəd layihələrlə iş bacarıqlarının keyfiyyətinin yüksəldilməsində universitetlərə dəstək göstərməkdir.
BP-nin maliyyə dəstəyi və AzPMA-nın təşkilatçılığı ilə təşkil edilən təlimlərin sonunda AzTU-nun müxtəlif fakültələrində təhsil alan 7 tələbə "IPMA Level D" beynəlxalq sertifikatını alıb.
Onlar nəqliyyat və logistika fakültəsinin II və III kurs tələbələri Erkin Səmədli və Nihad Abdullazadə, informasiya və telekommunikasiya texnologiyaları fakültəsinin II və III kurs tələbələri Ülviyyə İsmayılova və Röyal Məmmədov, iqtisadiyyat və idarəetmə fakültəsinin II kurs tələbəsi Samirə Paşayeva, maşınqayırma və robototexnika fakültəsinin II kurs tələbəsi Ülkər Cabbarlı və “SABAH” qrupunun III kurs tələbəsi Səbinə Hacıyevadır.
Bundan başqa, təlimlərdə iştirak edən AzTU-nun müəllim və əməkdaşlarına da sertifikat təqdim olunub.