Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində Zəngilan rayon 5,11,14,15,19 və 23 nömrəli  tam orta məktəblərin yuxarı sinif şagirdlərinin iştirakı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” adlı maarifləndirici tədbir keçirilib.

 

Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının təşəbbüsü, Zəngilan rayonu 4 nömrəli ümumi orta məktəbin təlim-tərbiyə işləri üzrə  direktor müavini, Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsinin qalibi Günel Əliyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə uşaqlara narkomaniya haqqında məlumat verilib, onun ümumbəşəri bir problem olduğu, bu bəlaya daha çox zəif iradəli, aciz insanların meyilləndiyi qeyd edilib. Bildirilib ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq.   

 

Tədbirdə Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının daim diqqətdə saxlanıldığı vurğulanıb, psixotrop maddələrin insan orqanizminə vurduğu zərərdən, yaratdığı fəsadlardan ətraflı bəhs olunub. Eyni zamanda diqqətə çatdırılıb ki, dünyada narkotik alveri ən çox gəlir gətirən üçüncü sahə hesab olunur. Dünyada milyonlarla insan bu bəladan əziyyət çəkir. Beynəlxalq statistikaya əsasən, gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçilik hallarının yüksələn xətlə artması xüsusi narahatlıq yaradır. Narkomaniyaya və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə Azərbaycan dövlətinin prioritet vəzifələrindən hesab olunur.

 

Tədbirdə Yeni Azərbaycan Partiyası Zəngilan rayon təşkilatının sədri Natiq Quluzadə, YAP Gənclər Birliyinin sədr müavini, Gənclərin İnkişaf və Karyera Mərkəzi Sumqayıt nümayəndəliyinin direktoru Sevinc Qasımova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Zəngilan rayon Komissiyasının sədri Nizami Mövsümov, Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları - Cinayət-axtarış qrupunun baş əməliyyat müvəkkili, polis polkovnik-leytenantı Bərxudar Şıxəliyev, Yetkinlik yaşına çatmayanların işləri üzrə profilaktik işin təşkili qrupunun baş inspektoru, polis mayoru Kəmalə Cəfərova, Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya üzrə ekspert Emil Maqalov, Zəngilan Rayon İcra Hakimiyyətində məsləhətçi–psixoloq Mətanət Həsənova, Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sektor müdiri Raqif Allahverdiyev, Sumqayıt şəhər Narkoloji Dispanserin həkim-narkoloqu Vüsal Cabbarov, Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant layihəsinin qalibi Günel Əliyeva, məktəblərin direktorları və psixoloqları iştirak ediblər.

 

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.