Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov cari yaz semestrinin imtahan sessiyasının başlaması ilə əlaqədar iqtisadiyyat və idarəetmə, pedaqoji və mühəndislik fakültələrinin professor-müəllim heyət üzvləri ilə onlayn formatda silsilə görüşlər keçirib.
Rektor MDU-da 2021/2022-ci tədris ilinin yaz semestrinin uğurla başa çatdığını qeyd edib və mövcud qaydalara uyğun olaraq hibrid formatda tədris prosesinin təşkilində göstərdikləri fəallığa görə universitetin kollektiv üzvlərinə təşəkkürünü bildirib.
Fakültələrin akademik heyətilə ayrıca görüşlərin keçirilməsinin əhəmiyyətindən bəhs edən Ş.Bayramov bu formatda müzakirələrin universitetdə mövcud vəziyyətin qiymətləndirilməsi və imtahan sessiyasına hazırlıq səviyyəsinin daha da yüksəldilməsi baxımından önəmini diqqətə çatdırıb.
Ş.Bayramov tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflığın başlıca prinsiplərdən olduğunu vurğulayıb, imtahan prosesi ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib.
Tələbə və valideynlərlə görüşlər zamanı imtahan sessiyasına hazırlıq işlərindən məmnunluq ifadə edildiyini qeyd edən Ş.Bayramov cari imtahan sessiyasının uğurla başa vurulacağına əminliyini bildirib və universitetin akademik heyət üzvlərinə uğurlar arzulayıb.
Yaradılan şəraitə və göstərilən diqqətə görə MDU rəhbərliyinə təşəkkür edən universitetin professsor-müəllim heyəti üzvləri imtahan sessiyasına tam hazır olduqlarını bildiriblər.