Hikmət Cəbrayılov: “Hər uğurlu nəticəm mənə daha çox stimul verirdi”


Cəbrayılov Hikmət Səxavət oğlu Şabran şəhər M.Nəzirov adına 4 nömrəli tam orta məktəbin XI sinif şagirdidir. O, 2017-ci ildə Respublika fənn  müsabiqələrinin riyaziyyat üzrə üçüncüsü, 2019-cu ildə respublika fənn olimpiadalarının kiçik yaş qrupunda final mərhələsinin iştirakçısı, 2020-ci ildə bürünc, 2021-ci ildə  gümüş, 2022-ci ildə isə qızıl medal mükafatçısı -“Birincilərin birincisi” olub. Onun duyğu və düşüncələrini, uğurlarının sirrini, gələcəyə dair planlarını bizimlə bölüşməsini istədik.

 

- Hikmət, rayon təhsil ictimaiyyəti səni fənn olimpiadalarının fəal iştirakçısı, əsasən də qalibi kimi tanıyır. Bəlkə bizə uğurlarının arxa planından danışasan bir az. Lap elə başlayaq uşaqlığından. Bu qədər oxuma, öz üzərində işləmə həvəsi səndə necə formalaşmağa başladı?

- Öncə dəvətiniz üçün təşəkkür edirəm. Mənim üçün əlbəttə ki, ictimaiyyət arasında belə tanınmaq çox xoşdur.

 

Müəllim həqiqətən hər bir insanın həyatında mühüm rol oynayır. Eyni qədər də valideynlər. Əsasən bu iki faktor uşağın gələcəyini müəyyən edir. Mənim həm valideynlər, həm də müəllimlərim cəhətdən bəxtim gətirib. Necə ki, evdə valideynlərim təhsilimlə mütəmadi maraqlanıb, eləcə də məktəbdə ibtidai sinif müəllimim İradə Hüseynova. Yaxşı yadımdadı tənəffüslərdə bütün uşaqlar həyətdə olanda  biz (əsasən də yorucu olmayan dərslərdən sonra) sinifdə qalıb misal, çalışma edirdik. Biz nə qədər az yorulsaq da, yəqin ki müəllim bizdən daha çox yorulurdu. Amma o, yenə də fasiləsini bizə həsr edirdi. Beləliklə mən daha çox dərsə meyillənirdim.Çöldəki oyunlar nə qədər cəzbedici gəlsə də (gülür). Və ailə. Mənim atam da, anam da həkimdilər. Qohumlarımda da həkimlər çoxdu. Mən həmin mühitdə böyümüşəm. Hansı ki, evimizdə hər gün insan orqanizmi, ağır xəstələrin sağaldılması, kiminsə həyatının xilas edilməsi söhbətləri gedir. Həkimlər axı ömür boyu oxuyub axtarışda olurlar. Belə təsəvvür edin ki, evimizdə daim araşdıran iki valideyn görmüşük həmişə. Bu da əlbəttə, bizə təsir etməyə bilməz. Bizim ailədə böyük araşdırmaçılar və kiçik araşdırmaçılar var (gülür).

 

- Hikmət, “oxumayan uşaq” olmamaq üçün ən maraqlı, asan, belə deyək, yormayan yol hansıdır səncə?

- Əslində mən, bütün uşaqlar yaxşı oxumalıdırlar deyə düşünmürəm. Kimisi yaxşı oxuya bilər, yaxşı riyaziyyat bilər, yaxşı biologiya bilər, yaxşı ədəbiyyat bilər və buna görə təhsilini davam etdirib yaxşı mütəxəssis olar. Kimisi də daha fərqli bir istedada malik olar, yaxşı musiqiçi, yaxşı rəssam, yaxşı başqa bir peşə sahibi olar. Məncə əsas olan insanın nəyi daha yaxşı bacara biləcəyini müəyyənləşdirə bilməsidir. İstənilən halda insan məqsədli olmalıdır. Onun hədəfi olmalıdır. Əgər hədəf, məqsəd yoxdursa, bu, “oxumayan uşaq” ifadəsinə həqiqətən, mənfi yük qazandıra bilər.

 

Daha yaxşı oxumaq məsələsinə gəldikdə isə, fikir dəyişir əlbəttə. Əgər sənin oxuma, öyrənmə bacarığın varsa, bunu özün üçün bir vərdişə, həyat tərzinə çevirməlisən, əks halda bu sənin üçün yorucu bir məsuliyyət kimi qalacaq və sən oxumanın əyləncəli, zövqlü tərəfini kəşf edə bilmədiyin üçün  özünü çox şeydən məhrum etmiş və yormuş olacaqsan.

 

Öyrənməni özünüz  üçün hobbiyə çevirin. Bunun ən yaxşı yolu araşdırmaq, əlində olan mövzu haqqında əlavə məlumatlar toplamaqdır.

 

Əgər bir şeyi bacarırsınızsa daha yaxşısını edə biləcəyinizə inanmalısınız. Oxumaq üçün valideyn və ya müəllim nəzarətindən asılı olmaq mənə elə gəlir, pis vərdişdir. Ola bilsin ki, valideynləriniz və müəllimləriniz sizin yaxşı oxumağınızı istəyir və bunun üçün sizə nəzarət etməli olduqlarını düşünürlər. Etməlidirlər də. Sadəcə siz özünüzü nəzarətə görə oxuyur yerinə qoymamalı,  belə hiss etməməlisiniz. Bütün bu faktorları kənara qoyub nə üçün oxuduğunuzu, bunların sizə nə üçün lazım olduğunu, hətta lazım olub olmadığını aydınlaşdırmalısınız. O zaman özünüzü heç bir nəzarət altında hiss etməyəcəksiniz. Çünki nə üçün çalışmalı olduğunuzu bilirsiniz, bu sizin hədəfinizə çatmağınıza xidmət edir, nəzarət edildiyi üçün yox, məqsədinizə çatmaq üçün oxuyursunuz.

 

Bacımla bir müddət eyni sinifdə oxumuşuq. O, məndən bir yaş kiçikdir. Amma məndən daha çox çalışır, yaxşı oxuyurdu. Mən hər dəfə bilmədiyim şeyləri ondan soruşurdum (söhbət aşağı siniflərdən gedir). Bir gün hiss etdim ki, ondan çox tez-tez soruşuram və özümə qəribə gəldi. Axı o məndən kiçikdi, necə olur ki, məndən daha yaxşı bilir və mən özümdən balaca bacımdan soruşuram. Tərsinə olmalı idi. Onda özüm-özümə sual verdim ki, niyə də mən elə olmayım? Sonra daha çox və diqqətlə oxumağa başladım. Yarışlarda iştirak etdim, gördüm ki, məndə alınır. Hər uğurlu nəticəm mənə daha çox stimul verirdi. Uğursuzluqlarım da olurdu əlbəttə, indi də olur. Bəzən  müəyyənləşdirdiyim hədəfə çox yaxınlaşıb kənarda qalıram. Amma  hər dəfəsində bilirəm ki, daha yaxşısını edə bilərəm, mən bacararam.  Bu, məni motivə edir.

 

- IV ixtisas qrupuna hazırlaşırsan, həkim olmaq istəyirsən, ən sevdiyin fənn biologiyadır. Biologiyanı sənə bu qədər sevdirən nə oldu?

- Hazırlaşdığım qrupdakı bütün fənləri sevirəm, amma düz qeyd edirsiniz, biologiyanın yeri daha ayrıdır. Əvvəldə də dediyim kimi, evdə olan mühit, yəqin ki, bu fənni sevməyimə birbaşa təsir edib. Hələ həmin fənn ilə tanış olmazdan çox öncə eşitdiyim terminləri dərslikdə görəndə mənə daha maraqlı gəlirdi, özümü mövzuya daha çox hakim hiss edirdim. Bu da həmin fənni daha dərindən mənimsəməli olduğum təsəvvürü yaradırdı. Biologiya çox maraqlıdır. Dərslikdə hansısa mövzunu oxuyandan sonra mütləq əlavə araşdırma edirəm. Dərsdə olanda yeni mövzudan sonra əsas ağlımda olan evə gedən kimi həmin mövzuda daha çox və yeni nələrsə öyrənmək olur. Araşdırma, müstəqil öyrənmə mövzusunda müəllimin rolu məsələsini də vurğulamaq istəyirəm. Gülnar müəllim (mənim məktəbdən kənar biologiya müəllimim) mənə həmişə şagirddən daha çox müstəqil araşdırmaçı kimi yanaşıb. Adətən müəllim və şagird deyəndə öyrədən və öyrənən təsəvvür edirik. Amma Gülnar müəllimin yanaşmasına görə biz ikimiz də araşdırmaçıyıq. Bəzən məndən hansısa mövzunu araşdırmağımı xahiş edir. Əmin olun ki, bu tapşırıqdan daha çox məsuliyyət hiss etdirir, daha maraqlı olur və daha verimli nəticəyə gəlirik. Bu, təkcə tapşırıq deyil, müəllim biliyini qiymətləndirməyəcək. Bu, həm də güvən və etimaddı. Müəllim özünün edə biləcəyi kimi yaxşı iş ortaya çıxacağına əmindir.

 

Bir də, əgər hansısa elmə marağın  yaranıbsa, onu itirməməlisən, arxasınca  getməlisən. Maraq çox önəmlidir. Bu, zəhmətin yarısıdır.

 

- Özün də qeyd etdin ki, bəzən o maraq itə bilir. Bəs o marağı itirməmək, istiqamətdən yayınmamaq üçün nə etmək olar?

- Yayınmamaq üçün iradə olmalıdır. Ətrafda bizi yayındıra biləcək, mənfi təsir edə biləcək çoxlu faktorlar var. Biz müəyyən mənada ətrafımızdakı insanları özümüzdə əks etdiririk. Həmin faktorların mənfi təsirindən qorunmağın ən yaxşı yolu ən yaxın çevrənə müsbət faktorları cəmləməkdir. Çalışmalısan ətrafında ağıllı fikir ala biləcəyin, normal düşüncəli, yaxşını-pisi ayıra bilən, sənin inkişafına sevinən insanları yığasan ki, onlar səni yolundan döndərməsin, əksinə stimul versinlər. Mənfi şeylər çuxur kimidir, nə qədər doldurmağa çalışsan da sürüşmə ehtimalı olur. Maraqlarınla örtüşən insanlarla oturub durmalısan. Yoxsa çətin olar. Bir iş görürsənsə və ətrafın sənə dəstəkdirsə rahat uğur qazanırsan. Dəstəksiz uğur qazanan insanlar da var əlbəttə. Bunun üçün daha çox inad göstərmək, prinsipiallıq lazımdır. Onlar öz hədəflərinə sarılırlar və hədəfə çatmaq üçün bütün güclərini ortaya qoyurlar. Bu isə əlbəttə, daha çətindir.

 

- Hamıdan yaxşı oxumaq, hamıdan birinci olmaq, yoxsa birlikdə öyrənmək və birlikdə qazanmaq?

- Birinci olmaq, əlbəttə ki, yaxşıdır. Bu zəhmətin bəhrəsidir. Amma birlikdə öyrənmək, birlikdə qazanmaq da maraqlıdır və faydalı.

 

Mən yarışlarda, olimpiadalarda bir çox dostlar qazanmışam. Özünlə eyni maraq dairəsində olan uşaqlarla işləmək, onlarla söhbət çox maraqlıdır. Bir-birimizdən çox şey öyrənirik. Məsələn, hansısa çətin gələn bir mövzuda kim isə öz üsulunu paylaşır və sən onun üsuluna baxıb öz üsulunu tapırsan. Bütün söhbətlər daha maraqlı, müzakirə şəklində və faydalı olur.

 

- Çox oxuyursan, çalışırsan, istər qəbul imtahanlarına, istər olimpiadalara. Yəqin ki, hansısa maraq dairəndə olan fəaliyyətlərdən müəyyən qədər özünü məhrum etməli olursan. Özünə məhdudiyyət qoymaq çətin deyil ki?

- Düzü, oxumaqdan heç vaxt yorulmamışam. Və maraq dairəmin tam mərkəzində hədəflərim dayandığı üçün digər fəaliyyətlərə məhdudiyyət qoymaq elə də çətin deyil. Amma hədəfimə çatdıqdan sonrakı zaman üçün nəzərdə tutduğum fəaliyyətlər var. Maraqlandığım işlərlə məşğul olmaq və hətta maraq dirəmi genişləndirmək. Bunlar əlbəttə, önəmlidir. İnsanın sosial həyatı olmalıdır.

 

- Orta təhsilin müddətində öyrənmə istiqamətində özün üçün kəşf etdiyin “qızıl qaydalar” varmı və onları oxucularla bölüşmək istərsənmi?

- Hamı eyni cür oxumur, hərədə bu, fərqlidi. Mənə görə ən önəmli qayda düzgün oxumaqdır. Düzgün oxumaq çox oxumaqdan yaxşıdı. Yəni əzbərləməklə olmur, dərk etməlisən. Hər şagirdin öz metodları var. Hansısa qaydaları yadda saxlamaq üçün üsulları. Digər önəmli qayda isə araşdırmaqdır. Araşdırmaq lazımdır. Mütləq araşdırıb dəqiqləşdirmək.

 

- Yəqin ki, müstəqil həyatın bir addımlığında artıq gələcəyə dair planların var. Bizimlə bölüşmək istərsənmi?

- Beyin cərrahiyəsi üzrə ixtisaslaşmaq, xaricdə təhsil alaraq özümü inkişaf etdirmək istəyirəm. Düzü beyin cərrahı olmaq məsələsində fikrimi tam dəqiqləşdirməmişəm. İstənilən halda həkim mütləq daim öz üzərində işləməli, inkişaf etməlidir. Həkimlərin cəmiyyətdə rolu danılmazdır. Hər gün onlarla xəstənin qəbulu, müayinə-müalicələr, əməliyyatlar. Bu, olduqca önəmli, daha konkret desək həyatidir. Amma mən daha çox tibbin  araşdırdığı xəstəliklərin müalicə üsullarını kəşf etmək mövzusuna fikrimi cəmləmişəm. Planlarım böyükdü.

 

- Son olaraq həmyaşıdlarına, məktəblilərə həmyaşıd və uğurlu bir şagird kimi nə demək istəyirsən?

- Özünə inanmalısan. Sən özünə inanmasan heç kəs sənə inanmayacaq. Sən özünü isbatladıqdan sonra, uğurlar qazandıqca hamı bunu görəcək və yanında olacaq. Əgər özünə inanmasan bu halda başqaları sənə kömək edə bilməyəcək. Özünə güvən və bunu şüur altında möhkəmlət. Sən bacararsan. Bacaracaqsan.

 

Gülər HÜSEYNOVA