İyunun 3-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tableyindəki DOST Agentliyinin "Könüllü DOST" proqramının 3 illiyinə həsr olunmuş "Sosial sahədə könüllülük" forumu öz işinə başlayıb.
Forum "Könüllü DOST" proqramının təşkilatçılığı, DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, Azərbaycan Gənclər Fondunun və Azərbaycan Könüllü Təşkilatları İttifaqının tərəfdaşlığı ilə baş tutub.
DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təşkil olunan forum gənclərin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatda iştirakının, sosial sahədə könüllülük fəaliyyətinin və onun faydalarının, korporativ sosial məsuliyyətliliyin dayanıqlılığının təbliği məqsədini daşıyıb.
Tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, təhsil naziri Emin Əmrullayev, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Yusif Vəliyev, DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov və digər qonaqlar iştirak ediblər.
Forum əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərginin nümayişi ilə başlayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Könüllü DOST" proqramının iştirakçılarını proqramın 3 illiyi münasibətilə təbrik edib və ölkəmizdə könüllülük hərəkatının genişlənməsində "Könüllü DOST" proqramının önəmini diqqətə çatdırıb.
Çıxış edən digər qonaqlar "Könüllü DOST" proqramının iştirakçılarını təbrik edərək, könüllülüyün əhəmiyyətindən bəhs ediblər.
Daha sonra DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov "Könüllü DOST" proqramı ilə bağlı təqdimatla çıxış edib.
Tədbirdə yeni “İnklüziv DOST” altproqramının da təqdimatı olub.
Forum "Sosial sahədə könüllülük" və "Korporativ sosial məsuliyyətlilik" üzrə panel müzakirələri ilə davam edib.