Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi və Gürcüstan universitetlərinin nümayəndələri ilə tanışlıq görüşü keçirilib.
Görüşdə ABŞ səfirliyinin təhsil işləri üzrə mütəxəssisi Ramina Mürşüdova, Gürcüstanın Qafqaz Universitetinin Beynəlxalq əlaqələr və layihələr şöbəsinin müdiri İrena Melua, İliya Dövlət Universitetinin prorektoru Ana Kvançilaşvili, Beynəlxalq Qara Dəniz Universitetinin Tələbələr şöbəsinin əməkdaşı Natia Maqalaşvili, Şota Rustaveli adına Batumi Dövlət Universitetinin Strateji inkişaf və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Besik Narakidze, ABŞ-da təhsil üzrə baş məsləhətçi Dali Xomeriki, ABŞ səfirliyinin Tbilisi, Gürcüstan üzrə Təhsil proqramları meneceri İrakli Malaniya və Azərbaycan Beynəlxalq Təhsil Menecerləri Assosiasiyasının təsisçisi Arif Nəcimov iştirak ediblər.
Görüş zamanı ADPU-nu universitetin rektoru Cəfər Cəfərov, elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov, ADPU-CVU ikili diplom proqramının direktoru Tofiq Əhmədov, Beynəlxalq qrantlar və layihələr şöbəsinin müdiri Mehparə Əhmədova, Xarici Dillər Mərkəzinin müdiri Ülviyyə Hacıyeva və Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisləri Nurəngiz Mahmudova, Gülnar Ələkbərova təmsil ediblər.
Rektor Cəfər Cəfərov ADPU-nun fəaliyyətində olan yeniliklərdən, aparılan islahatlardan, ingilis dilində tədris olunan ixtisasların sayının çoxaldılması istiqamətində görülən işlərdən, yeni standartlara keçiddən, müasir çağırışlardan bəhs edib.
Gürcüstanlı təhsil mütəxəssisləri isə təmsil etdikləri universitetlər və gürcü təhsil sistemindəki yeniliklər barədə məlumat veriblər.
Görüş zamanı Tofiq Əhmədov ADPU-CVU ikili diplom proqramı çərçivəsində görülən işlərdən danışıb.
Elm və innovasiyalar üzrə prorektor Asəf Zamanov universitetlər arasında elmi nəşrlərin qarşılıqlı çapı imkanının olduğunu vurğulayıb.
Beynəlxalq qrantlar və layihələr şöbəsinin müdiri Mehparə Əhmədova və Xarici Dillər Mərkəzinin müdiri Ülviyyə Hacıyeva Gürcüstanın Tbilisi şəhərində yerləşən Qribol Robakidze Universiteti ilə birgə həyata keçirdikləri virtual mübadilə layihəsi timsalında əməkdaşlıq imkanlarının mövcudluğundan bəhs ediblər.