Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının dosenti Vəfa Cəfərovanın “Rənglərin harmoniyası” adlı ilk fərdi rəsm sərgisi açılıb. Sərgidə AzMİU-nun professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər. Fərdi sərgidə rəssamın 35 sənət əsəri yer alıb.

        

V.Cəfərovanın həyat yolu, yaradıcılığı barədə məlumat verən Tarix muzeyinin direktoru Gülmira Məmmədova bildirib ki, Vəfa xanımın yaradıcılığı olduqca zəngindir. Onun müxtəlif mövzularda rəngkarlıq janrında çəkdiyi rəsmlərdə yaradıcılıq və sənətə olan bağlılığı əyani şəkildə görünür.

         

Tədbirdə memarlıq fakültəsinin dekanı Zahidə Məmmədova V.Cəfərovanın yaradıcılığından və sərginin əhəmiyyətindən söz açıb. Qeyd edib ki, Vəfa xanımın işləri əsasən mənzərə janrında yağlı boya ilə işlənmiş iriölçülü kompozisiyalardır. Bu əsərlərin arasında təbiət mövzusunda natürmortlar da var.

       

V.Cəfərova sərginin keçirilməsində göstərilən diqqət və dəstəyə görə universitet rəhbərliyinə, sərgiyə gələnlərə minnətdarlığını bildirib.    

        

Çıxışlardan sonra sərginin rəmzi qırmızı lenti kəsilib, qonaqlar sərgi ilə tanış olublar.