Bakı Dövlət Universitetində (BDU) ümumtəhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında “Şuşa ili”nə həsr olunmuş II Məktəblilərarası Astronomiya Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Mərasimdə çıxış edən Tusi-Bohm Planetariumun direktoru və Beynəlxalq Astronomiya Olimpiadasının ölkə üzrə həmrəhbəri Famil Mustafa məktəblilər arasında astronomiya elminə marağın ildən-ilə artdığını bildirib. Qeyd edib ki, II Məktəblilərarası Astronomiya Olimpiadasının keçirilməsində məqsəd şagirdlər arasında astronomiya sahəsinə marağın artırılması, təhsil sistemində astronomiyaya geniş yer verilməsi və qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin olunmasıdır. Olimpiada qalibləri arasından seçilmiş 5 nəfər iyun ayının sonunda Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak edəcək.
Olimpiada Təhsil Nazirliyinin “İnkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsi” çərçivəsində həyata keçirilib. Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, Təhsil İnstitutu və Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili İdarəsidir.
Layihənin rəhbəri, Bakıdakı 173 nömrəli orta məktəbin fizika müəllimi İlhamə Səfərova bütün olimpiada qaliblərinə uğurlar arzulayıb. Bildirib ki, orta məktəblərdə astronomiya ayrıca fənn kimi tədris edilməsə də, ayrı-ayrı fənlərin içərisində astronomiyaya dair mövzular salınır. İ.Səfərova təmsil etdiyi məktəbdə Astronomiya dərnəyinin fəaliyyət göstərdiyini, şagirdlərin bu fənnə marağının çox olduğunu qeyd edib.
BDU-nun Astrofizika kafedrasının müdiri Kəmalə Alışeva Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının tarixi barədə məlumat verib. Vurğulayıb ki, 2007-ci ildən keçirilən olimpiadaya Azərbaycan ötən ildən qatılır. K.Alışeva olimpiadaya qatılacaq şagirdlərin qalib gələcəyinə əmin olduğunu bildirib və II Məktəblilərarası Astronomiya Olimpiadasının keçirilməsinə şərait yaratdığına görə BDU-nun rəhbərliyinə təşəkkür edib.
Münsiflər Heyətinin qərarına əsasən, olimpiadanın 20 nəfər qalibi seçilib. Onlardan 5 nəfəri I, 8 nəfəri II, 7 nəfəri isə III yeri tutub.
Qaliblər diplom və sertifikatlarla təltif olunublar.