Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətində Naxçıvan Dövlət Universitetinin Geodeziya və xəritəçəkmə mühəndisliyi ixtisasında təhsil alan tələbələr üçün Xidmətin bazasında təşkil olunan istehsalat təcrübəsi başa çatıb.
Yekun tədbirdə Xidmətin rəisi Müslüm Cabbarzadə tələbələrin bacarıqlı mütəxəssis kimi formalaşması istiqamətində görülən işlərdən bəhs edib.
Xidmətin tabeliyində olan “Yerquruluşu və Kartoqrafiya” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cəfər Əliyevin, Naxçıvan Dövlət Universitetinin Meliorasiya və Geodeziya kafedrasının müəllimi Akim Axundovun və Geodeziya və xəritəçilik mühəndisliyi ixtisasının IV kurs tələbəsi Kamil Cəfərlinin çıxışları dinlənilib.
Sonda təcrübə keçən tələbələrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, istehsalat təcrübəsi zamanı tələbələrə Xidmətin fəaliyyəti ilə bağlı geniş məlumat verilib. Peşəkar mütəxəssislər tərəfindən onlara ArcGIS proqramından istifadə etməklə müxtəlif məzmunlu və təyinatlı xəritələrin hazırlanması, kameral şəraitdə kosmik şəkillərdən, ortofotolardan və digər məlumatlardan istifadə qaydaları, müasir geodeziya avadanlıqları vasitəsilə obyektlərin və torpaq sahələrinin ölçülməsi, sxematik planların hazırlanması ilə bağlı praktiki məsələlərin həlli öyrədilib.