Azərbaycan Dillər Universitetində (ADU) 2021-2022-ci tədris ilinin pedaqoji və istehsalat təcrübələrinin yekun konfransı keçirilib.
Konfransda ölkənin müxtəlif dövlət və özəl qurumlarının nümayəndələri, pedaqoqlar, təcrübə rəhbərləri və şagirdlər iştirak ediblər.
Rektor, akademik Kamal Abdulla bildirib ki, universitetin 4-cü kurs tələbələri üç ay müddətində müxtəlif dövlət və özəl qurumlarda pedaqoji və istehsalat təcrübələrində uğurla iştirak ediblər: “Bu gün sizin həyatınızda, siz tələbələrin həyat yolunda yeni bir səhifə açılır. Bu səhifə sizi parlaq gələcəyə, uğurlu iş həyatına və xoşbəxt günlərə səsləyir. Qazandığınız təcrübə bir ömür sizin yaddaşınızda qalacaq, ən xoş duyğularla xatırlanacaq. Əminəm ki, əldə etdiyiniz təcrübə iş həyatınızda faydalı və məhsuldar olmağa kömək edəcək”.
Əlavə təhsil və təcrübə fakültəsinin dekanı Məmməd İsmayılov təcrübənin yekunlarına dair hesabatla çıxış edib. Qeyd olunub ki, müxtəlif dövlət və özəl qurumlarda təcrübə keçən tələbələr özlərini ən yaxşı tərəfdən göstərə bilib, etimadı doğruldub və məzun olacaqları universiteti layiqincə təmsil ediblər. Təcrübəçilərin göstərdikləri fəaliyyət, təşkil etdikləri görüşlər, Xocalı soyqırımına həsr olunmuş və universitetin tanıdılması istiqamətində keçirilən tədbirlər yüksək qiymətləndirilib.
Xarici dillərin tədrisi kafedrasının müdiri Əmralı Şirəliyev tələbələrin yüksək bilik və bacarıqlarından, təcrübə müddətində əldə etdikləri uğurlardan danışıb. Qeyd olunub ki, təcrübə müddətindəki fəaliyyətin səmərəli və faydalı keçməsi həm də ixtisaslı kadrların müasir tələblərə uyğun formalaşdırılmasına dəstək vermiş olacaq.
Beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Çərkəzqızı təcrübədə olan jurnalistika ixtisasının tələbələrinin təcrübə proqramını məruzə edib. Məruzədə müxtəlif media qurumlarında təcrübə keçən tələbələrin əldə etdikləri bilik və bacarıqlardan danışılıb.
Daha sonra təcrübədə iştirak etmiş müəllimlər və təcrübəçi tələbələr təşkil etdikləri tədbirlər, dərslər haqqında məlumat verib, konfransa qatılan şagirdlər təəssüratlarını bölüşüb, həmçinin çıxışçılar layihənin həyata keçirilməsində yaratdığı şəraitə görə universitet rəhbərliyinə təşəkkür ediblər.