Bakı Mühəndislik Universitetində (BMU) imtahan nəzarətçiləri üçün təlim təşkil olunub.

 

Təlimin məqsədi barədə məlumat verən BMU-nun tədris işləri üzrə prorektoru, professor Həmzağa Orucov  bildirib ki, tələbələrin biliyinin qiymətləndirilməsində müəllimlərlə bərabər nəzarətçilərin üzərinə böyük məsuliyyət düşür. Nəzarətçilərin imtahan prosesinə ciddi yanaşmalı olduğunu bildirən H.Orucov onların hazırlanan təlimatlarla yaxından tanış olmasının vacibliyini önə çəkib və imtahan sessiyasının uğurla başa çatacağına əminliyini ifadə edib.

 

BMU-nun tərbiyə işləri üzrə prorektoru Bayram Hüseynzadə təlimin imtahanda yarana biləcək problemlərin daha detallı müzakirəsi məqsədilə təşkil olunduğunu vurğulayıb. Fakültələrdə imtahan qərargahlarının yaradıldığını söyləyən prorektor təyin olunmuş məsul şəxslərin üzərlərinə düşən əsas vəzifələri sadalayıb. B.Hüseynzadə imtahan prosesində nizam-intizam məsələlərinin üzərində xüsusi dayanıb və qaydalara əməl etməyin zəruriliyini bildirib.  

 

Sonra geniş təqdimatla çıxış edən Keyfiyyətin təminatı şöbəsinin müdiri Sevil İmanova imtahanın təşkili təlimatı ilə iştirakçıları tanış edib. İmtahan öncəsi və imtahan zamanı nəzarətçilərin səlahiyyətlərindən danışan S.İmanova bununla bağlı təlimatda yer alan vacib məqamları nəzərə çatdırıb. O, eyni zamanda, imtahan prosesi zamanı diqqət olunmalı digər önəmli məsələlərə də toxunub.

 

Təlim iştirakçıları maraqlandıran sualların cavablandırılması və səslənən müxtəlif təkliflərin müzakirəsi ilə davam edib.