Naxçıvan Dövlət Universiteti memarlıq və mühəndislik fakültəsində 28 May- Müstəqillik Gününə həsr olunan Memarlıq və Robototexnika üzrə sərgi keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev  müstəqilliyin bərpasından keçən dövr ərzində müasir Azərbaycanın əldə etdiyi nailiyyətlərdən, keçdiyi inkişaf yolundan söhbət açıb. Fakültədə keçirilən bu cür sərgilərin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edən rektor diqqətə çatdırıb ki, artıq fakültədə Qeyri- səlis məntiq nəzəriyyəsi, Süni intellekt, Robototexnika və kodlama, Nanotexnologiya kimi yeni seçmə fənlər tədris olunur. E.İsayev memarlıq və mühəndislik fakültəsi nəzdində yaradılan və bu il ilk dəfə tələbə qəbulu aparılan Kompüter mühəndisliyi, Elektrik və elektronika mühəndisliyi ixtisaslarının üstünlüklərindən danışıb, həmin ixtisasları gələcəyin ixtisasları adlandırıb. Bildirilib ki, ali təhsil ocağının beynəlxalq əməkdaşlıq məsələlərində, xarici ölkələrlə bağladığı müqavilələrdə sözügedən ixtisasların ikili diplom layihələrində iştirakı təmin olunub. Diqqətə çatdırılıb ki, Türkiyə universitetləri ilə bağlanılan müqavilələlərə əsasən, məhz mühəndislik ixtisaslarında ikili diplom sahəsində razılığa gəlinib, bu ixtisas üzrə təhsil alan tələbələrin Ankara və Qazi universitetlərində təcrübə keçmələri təmin olunub. 

 

Sonra müəllim və tələbələrin birgə ərsəyə gətirdikləri eskiz, memarlıq layihələri, xalçaçılıq nümunələrinə dair işlərin təqdim edildiyi sərgiyə baxış olub.

 

Müxtəlif binaların eskizləri, hazır maketlər, bir, iki, çoxmərtəbəli binaların lahiyəsi, fakültənin gələcəkdə qurulması nəzərdə tutulan binasının da eskiz lahiyəsi nümayiş olunub. Memarlıq ixtisasının tələbələri sərgidə müxtəlif maketlər də təqdim ediblər.

 

Sərgiyə Robototexnika sahəsinə dair 20-yə yaxın iş təqdim edilib. Tələbələrin hazırladıqları ağıllı şkaf, avtomobillərin məsafədən səslə idarə olunması, günəşin hərəkətinə doğru günəş paneli, verilən kodlara görə obyektlərin  təsvirinin alınması adlı plotter (CNC) qurğusu, yanğın olan zaman hadisənin baş verdiyi  vaxtı  və məkanı bildirən, meşələrin yanğından təhlükəsizliyinin qorunması, müəyyən zaman rejiminə müvafiq olaraq avtomatik surətdə bitkilərin sulanması və quşların yemlənməsi, avtomobil idarə edən zaman sürücülərin yatmağının qarşısını almaq üçün ağıllı eynək, gözdən əlillər üçün maneəni xəbər verən ağıllı əsa, avtopark dayanacaqlarda boş olan yerləri təyin etmək üçün avtomatik sxem layihələri iştirakçılarda xüsusi maraq oyadıb.

 

Sonda müəllim və tələbələrə hazırladıqları əl işlərinə görə diplomlar təqdim edilib.