Lənkəran Dövlət Universitetinin (LDU) I saylı tədris korpusunda LDU və Lənkəran-Astara Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Məzun yarmarkası keçirilib.
COVID-19 pandemiyası səbəbindən yaranan 2 illik fasilədən sonra keçirilən Məzun yarmarkasına bölgədə fəaliyyət göstərən 50-dən artıq idarə, müəssisə və təşkilatlar tərəfindən, ümumilikdə 450-yə yaxın vakant iş yerləri çıxarılıb.
Tədbirin əsas məqsədi tələbə-məzunlara ixtisasları üzrə əmək bazarında olan tələbat haqqında məlumat vermək, işəgötürənlərlə onların bilavasitə qarşılıqlı ünsiyyətini təşkil etmək və bununla da işəgötürənlərə qısa vaxt ərzində müasir tələblərə cavab verən ixtisaslı kadrların seçiminin aparılmasına imkan yaratmaq olub.
Məzun yarmarkasında rayon rəsmiləri, LDU-nun builki və ötənilki məzunları, valideynlər, rayon məşğulluq idarəsinin və işəgötürən sifarişçi təşkilatların təmsilçiləri iştirak ediblər.
LDU-nun rektoru, professor Natiq İbrahimov tədrisin maddi-texniki bazasının yenilənməsi, keyfiyyətli mütəxəssislərin hazırlanması istiqamətində son illərdə görülən işlərdən, aparılan təhsil islahatlarından danışıb. Məzun yarmarkasının keçirilməsinin vacibliyini qeyd edən N.İbrahimov belə tədbirlərin hər il LDU-nu bitirən yüzlərlə məzuna iş probleminin həllində dəstək olduğunu, əmək yarmarkalarının gənclərin məşğulluğunun təminində əhəmiyyətli rol oynadığını, işçi ilə işəgötürən arasında operativ körpü olduğunu bildirib. Rektor universitetdə hazırlanan kadrların peşəkarlığının artırılması məqsədi ilə son illərdə tədrisdə praktik məşğələlərə geniş yer ayrıldığını, müasir elmi-təcrübi labaratoriyaların təşkil edildiyini də tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, müəssisələrdə işə qəbul prosesi mərhələli olduğu üçün Məzun yarmarkasında gün ərzində 212 məzun bilik, bacarıq və vərdişləri işəgötürənlərin parametrlərinə uyğun olduğu üçün ilkin mərhələdən uğurla keçib. Növbəti mərhələdə bu namizədlərin işə qəbul edilməsi proqnozlaşdırılır. Bu iş yerləri üzrə işəgötürənlər tərəfindən 600-dən çox məzunun anket forması qəbul edilib.
Xatırladaq ki, bu il Lənkəran Dövlət Universitetini bakalavr və magistratura səviyyələri üzrə 900-dən çox tələbə bitirir.