Lənkəran Dövlət Universitetində (LDU) Tələbə Elmi Cəmiyyətinin “Şuşa ili”nə həsr olunmuş “Qarabağ Azərbaycandır” mövzusunda II elmi konfransı öz işinə başlayıb.
Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev ali məktəbdə keçirilən belə mötəbər elmi tədbirin “Qarabağ Azərbaycandır” mövzusuna həsr edilməsinin təsadüfi olmadığını, 44 günlük Vətən müharibəsində LDU-nun tələbə və məzunlarının rəşadətlə döyüşdüyünü, 11 nəfərin müqəddəs şəhidlik zirvəsinə yüksəldiyini, həmçinin, son illərdə Lənkəran Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin fəaliyyətinin nəzərəçarpacaq dərəcədə genişləndiyini, tələbələrin elmi işlərə marağının artdığını bildirərək bu sahədə əldə olunmuş uğurlardan söz açıb.
Tələbə Elmi Cəmiyyətinin sədri Ülkər Fərzəliyeva “Azərbaycanda elmin inkişafında Qarabağ səhifəsi” mövzusundakı çıxışında I konfransdan ötən müddət ərzində görülmüş işlərin hesabatını verib, qarşıda duran vəzifələrdən danışıb, tələbələr üçün yaradılan elmi mühitə görə universitet rəhbərliyinə minnətdarlıq edib.
Konfransın plenar iclasında Tələbə Elmi Cəmiyyətinin aqrar və mühəndislik fakültəsi üzrə sədri Tale Ələskərzadə “Azərbaycanda aqrar sahənin inkişafında Qarabağın rolu”, iqtisadiyyat və idarəetmə fakültəsi üzrə sədri Şəfa Bağırova “Azərbaycanın iqtisadi inkişafının zəfəri-Qarabağ”, təbiət fakültəsi üzrə sədri Şəbnur Əlizadə “Azərbaycanın təbiət muzeyi - Qarabağ”, tarix, coğrafiya və incəsənət fakültəsi üzrə sədri Qalib Əmənov “Qafqazın ən böyük turizm məkanı - Qarabağ”, filologiya və ibtidai təhsil fakültəsi üzrə sədri Asiman Qafarlı “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtıdır” mövzularında çıxış ediblər.
LDU-nun prorektoru, şəhid atası, dosent Kamran Kazımov belə tədbirlərin gənclərin təkcə elmi dünyagörüşünə deyil, həm də vətənpərvərlik tərbiyəsinə müsbət təsir göstərməsindən danışıb.
Konfransın plenar iclası “Qarabağ Azərbaycandır!” video-filminin nümayişi ilə yekunlaşıb.
Konfrans işini bölmələrdə davam etdirir. Ayrı-ayrı bölmələrdə təqribən 200-ə qədər çıxışın dinlənilməsi planlaşdırılıb.