BDU-da 1918-19-cu illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin materiallarının latın qrafikası ilə nəşrinin müzakirəsi keçirilib


Bakı Dövlət Universitetində (BDU) 1918-19-cu illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin materiallarının latın qrafikası ilə nəşrinin müzakirəsi keçirilib.

 

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyəti dövründə yaşanmış əlamətdar hadisələri canlandıran “Azərbaycan” qəzetinin 20 cildlik tam külliyyatının ilk iki cildi ölkəmizin ən nüfuzlu təhsil ocaqlarından biri ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə işıq üzü görüb. Azərbaycan tarixinin çox önəmli dövrünü əks etdirən və milli jurnalistikamızın formalaşmasında müstəsna xidmətləri olan “Azərbaycan” qəzetinin yenidən işıq üzü görməsi, oxuculara qayıdışı ölkəmizin ictimai və mədəni həyatında əlamətdar hadisədir.

 

Milli dəyərlərin təbliğində mühüm rol oynamış qəzetin ərəb əlifbasından latın qrafikalı müasir Azərbaycan əlifbasına çevrilməklə toplu şəklində geniş ictimaiyyətə təqdim edilməsi yeni reallıqda dövlətçilik tariximizin öyrənilməsində, uzun illər xalqımızdan, eləcə də elmi ictimaiyyətdən gizlədilmiş, təhrif edilmiş bir çox faktların üzə çıxarılmasında olduqca mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə tədqiqatçıların heç də hamısının yüz il bundan öncə nəşr olunmuş dövri mətbuat nümunələrini ərəb qrafikasından oxumaq imkanlarına malik olmadığını nəzərə aldıqda, ADA Universitetinin həyata keçirdiyi bu layihənin mahiyyəti və tarixi əhəmiyyəti bir daha üzə çıxır.

 

Rektor vurğulayıb ki, ADA Universitetinin rektoru, professor Hafiz Paşayevin bilavasitə təşəbbüsü, gərgin əməyi, zəhməti sayəsində ərsəyə gələn bu kitablar Cümhuriyyət dövrü tariximizin yazılı abidəsi, salnaməsi kimi olduqca qiymətlidir. Bu dəyərli nəşrlər tarixçi alimlərimizə elmi araşdırmalarında yardımçı olacaq, tədqiqatçıların stolüstü kitablarına çevriləcək. Bu mənbədən tarixçilər, politoloqlar, iqtisadçılar, sosioloqlara qədər bütün tədqiqatçılar uğurla istifadə edə, onlarla dissertasiyalar, tədqiqat əsərləri yazıla bilər.

 

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, millət vəkili, akademik Nizami Cəfərov, jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli, tarix fakültəsinin Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının dosenti Sevinc Qasımova, jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev çıxışlarında “Azərbaycan” qəzetinin latın qrafikası ilə nəşrinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, tarixi, milli, ictimai-siyasi əhəmiyyəti yönündə yüksək dəyərini vurğulayıb, mətbuat tarixinin öyrənilməsi baxımından əvəzsiz mənbə olduğunu qeyd edib, ADA Universiteti ilə BDU-nun əməkdaşlığını yüksək qiymətləndiriblər.