Gənclər Fondunun dəstəyi, Gənclər Təşkilatları Milli Şurasının “Gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi" proqramı çərçivəsində Xalq yazıçısı, Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə görüş keçirilib. Görüş Dünya Gənc Türk Yazarlar İctimai Birliyi tərəfindən “Əbədi sevgi - Vətən" layihəsi əsasında baş tutub.
Xalq yazıçısı Kamal Abdulla elmi və ədəbi yaradıcılığı, sevdiyi yazıçılar, mütaliə, “Kitabi-Dədə Qorqud” dastanı haqqında gənclərin suallarını cavablandırıb, mədəniyyətşünaslıq, mifologiya və mifolinqvistika haqqında fikirlərini bölüşüb. Eyni zamanda gənclər Azərbaycan Dillər Universitetinin və Azərbaycan Yaradıcılıq Fondunun uğurlu layihəsi olan Yaradıcılıq fakültəsi, fondun həyata keçirdiyi digər işlər haqqında məlumatlandırılıb.
Görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təşkilatçılığı və Prezidentin İşlər İdarəsinin Prezident Kitabxanasının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Dillər Universitetinin tarixçi alimləri, tarixi toponimlər, dilçilik və xəritəçəkmə üzrə təcrübəli mütəxəssislərin cəlb olunması ilə nəşr edilən “Həqiqətin onomastikası” kitabı haqqında məlumat verilib. Qeyd olunub ki, gərgin tədqiqat işlərinin bəhrəsi olan bu kitab erməni vandalizminin və erməni saxtakarlığının ən bariz nümunələrindən birinə – tarixi Azərbaycan torpaqlarında, indiki Ermənistan Respublikası ərazisində əsrlər boyu yaşamış azərbaycanlıların izlərinin silinməsi üçün bizə məxsus 1600-ə yaxın toponim, hidronim, oronimlərin kütləvi şəkildə dəyişdirilməsi və saxtalaşdırılması, bir çox yaşayış məntəqələrinin isə məqsədli şəkildə yer üzündən tamamilə silinməsi faktlarına həsr olunub.
Yazıçı, eyni zamanda 2020-ci ildə Türkiyədə çap olunan “Mifologiya elçisi Kamal Abdulla ərməğanı” kitabını gənclərə hədiyyə edib.
Qeyd edək ki, görüşün məqsədi gənclər arasında vətənpərvərliyin təbliği istiqamətində iş aparmaq, həmçinin yazarların vətənpərvərliklə bağlı qələmə aldıqları ədəbi nümunələri çap etməklə yanaşı, onların təbliğini geniş oxucu kütləsi arasında həyata keçirməkdən ibarətdir.