Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) XII Məzun-Karyera sərgisi keçirilib. Sərgidə 73 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika, Ekologiya və Təbii Sərvətlər, Müdafiə Sənayesi nazirlikləri, Dövlət Məşğulluq, Qida Təhlükəsizliyi agentlikləri, SOCAR, “Azərenerji”, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni”, “AzerGold”, “Azerfloat” qapalı səhmdar cəmiyyətləri, “Azərcell” və digər qurumlar iştirak ediblər. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 219 vakant iş yeri və 270 təcrübə yeri təklif olunub.
Rektor, professor Mustafa Babanlı universitetdə ənənəvi keçirilən Məzun-Karyera sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Məzun-Karyera sərgiləri məzun və işəgötürənlərin qarşılıqlı- faydalı əməkdaşlıq əlaqələri qura bilməsi üçün əlverişli platformadır. Milli iqtisadiyyat və sənaye üçün yüksəkixtisaslı kadrların yetişdirilməsinin universitetin qarşısında prioritet məsələ kimi dayandığını vurğulayan rektor M.Babanlı sərgidə iştirak edən bütün qurumların nümayəndələrinə təşəkkürünü bildirib.
Sərginin açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək, Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. Qeyd edib ki, belə sərgilərin təşkili önəmlidir, tələbələr və universitetlərlə işbirliyi həm də əmək bazarına olan tələbləri ehtiva edir. M.Abbasbəyli əlavə edib ki, gənclərin ixtisaslı mütəxəssis kimi yetişməsi ilə yanaşı, əmək bazarına və ixtisasına uyğun işlə təmin olunması daim diqqət mərkəzində saxlanılmalıdır.
Daha sonra ADNSU-nun rektoru, prorektorlar, tələbə və məzunlar sərgidə iştirak edən qurumların stendləri ilə tanış olublar. Şirkət nümayəndələri rektor M.Babanlıya təqdim etdikləri vakansiyalar və təcrübə proqramları barədə məlumat veriblər.