Azərbaycan Texniki Universitetinin (AzTU) evsahibliyi,  Mingəçevir Dövlət Universiteti (MDU), Qazi Universiteti, Süleyman Dəmirəl Universiteti, İsparta Tətbiqi Elmlər Universiteti və Beynəlxalq Layihə İdarəetmə Assosiasiyasının birgə təşkilatçılığı ilə "Mühəndislikdə süni intellekt və tətbiqi riyaziyyat" mövzusunda 4-cü beynəlxalq konfransın (ICAIAME 2022) açılış mərasimi keçirilib.

 

“Şuşa İli”nə həsr olunan beynəlxalq konfrans süni intellekt üzrə yeniliklər edən dünyanın tanınmış mütəxəssislərinin ixtiralarını geniş auditoriyaya çatdırmaq məqsədilə təşkil edilib.

 

Açılış mərasimində çıxış edən ICAIAME-nin sədri Tuncay Yiğit üç il Türkiyədə keçirilən beynəlxalq konfransın növbəti dəfə Azərbaycanın paytaxtı Bakı şəhərində yüksək səviyyədə təşkil olunmasından məmnunluğunu bildirib və bunu ortaq dəyərlərə sahib qardaş ölkələr arasında yüksələn xətlə inkişaf edən əlaqələrin nəticələrindən biri kimi dəyərləndirib.

 

AzTU-nun rektoru Vilayət Vəliyev belə bir mötəbər tədbirin “Şuşa İli”nə həsr olunmasının xüsusilə əhəmiyyətli olduğunu bildirib. Rektor 44 günlük Vətən müharibəsində əldə olunan şanlı Qələbədən danışaraq deyib ki, müharibədə dünya hərb tarixində ilk dəfə müasir texnologiyalardan istifadə edilməsi bu sahənin mütəxəssisləri üçün araşdırma mövzusu olub. Müdafiə sənayesi sahəsində müasir trendlərdən istifadə onu göstərir ki, universitetlərdə süni intellekt və tətbiqi riyaziyyatın tədrisinin və bu istiqamətdə elmi-tədqiqatların keyfiyyəti artırılmalıdır. Rektor konfransın həm alimlər, həm də müvafiq ixtisas üzrə təhsil alan tələbələr üçün əhəmiyyətli olacağını vurğulayıb.

 

MDU-nun rektoru Şahin Bayramov dördüncü sənaye inqilabının baş verdiyi hazırki dövrdə həyatımızın bütün sferalarında, o cümlədən mühəndislik sahəsində süni intellekt texnologiyalarının geniş tətbiq olunmasından bəhs edib.

 

Rektor müasir cəmiyyətin gələcək innovativ inkişafının onlarsız təsəvvür etməyin mümkün olmadığını vurğulayıb. Süni intellekt və rəqəmsallaşmanın yeni dövrdə rəqabətqabiliyyətli inkişaf üçün böyük imkanlar yaratması ilə yanaşı, ciddi çağırışlar da meydana çıxardığını qeyd edən Ş.Bayramov bu sahənin inkişafında rəqəmsal bilik və bacarıqların inkişaf etdirilməsinin, müasir tələblərə cavab verən yüksək ixtisaslı kadr hazırlığının, tədqiqatların genişləndirilməsi və tətbiqiliyinin artırılmasının vacib rol oynadığını diqqətə çatdırıb. Yeni çağırışlar kontekstində elm və ali təhsil müəssisələri qarşısında duran vəzifələrdən söhbət açan rektor süni intellekt, rəqəmsallaşma, kibertəhlükəsizlik və informasiya texnologiyaları sahələrində tədris və tədqiqat fəaliyyətlərinin keyfiyyətinin yüksəldilməsinin MDU-nun prioritetləri sırasında yer aldığını bildirib.  Bu tipli elmi platformalarda fəal iştirakın universitetlərin akademik heyət üzvlərinə böyük fayda qazandıracağına, süni intellekt sahəsinin inkişafına töhfə verən yeni əməkdaşlıqların və təşəbbüslərin formalaşdırılmasına əlverişli şərait yaradacağına əminliyini söyləyən Ş.Bayramov beynəlxalq konfransın təşkilində əməyi və dəstəyi olan bütün tərəfdaşlara, məruzəçilərə və iştirakçılara minnətdarlığını ifadə edib.  Daha sonra Türkiyənin Qazi Universitetinin professoru, Türkiyə Süni İntellekt Assosiasiyasının təsisçisi və prezidenti Çetin Elmas, Milli Müdafiə Universitetinin prorektoru, professor Serdar Salman süni intellektin müasir vəziyyəti, inkişaf mərhələləri, universitetlərdə bu istiqamətdə görülən işlər barədə danışıblar.

 

Konfrans çərçivəsində təşkilatçı universitetlərin rəhbərləri, o cümlədən  MDU-nun rektoru Ş.Bayramov diplomla təltif olunub.