Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Tarixin bütün dövrlərində təhsil insanların həyatında müstəsna əhəmiyyət kəsb etmişdir. Müasir dövrün qlobal çağırışları isə bu əhəmiyyəti daha da artıraraq sahənin həlli vacib olan əksər məsələlərini dövlətin və cəmiyyətin bir nömrəli prioritetinə çevirir.

 

Bu gün bütün ictimaiyyəti düşündürən mühüm məsələlərdən biri də məktəblilərin təhsil uğurlarının artırılmasıdır. Şagirdlərin istər dərslərində, istərsə də sosial həyatlarında uğurlu və yaxud uğursuz olmasına təsir edən bir çox amil vardır. İlkin olaraq şagirdin özündən, onun böyüdüyü ailə və mühitdən, təhsil aldığı məktəbin rəhbərliyindən və müəllimlərdən asılıdır.

 

Aydındır ki, təhsildə əsas və aparıcı sima müəllimdir. O, şagirdə təhsil verir, onu gələcəyə istiqamətləndirir. Parta arxasında əyləşən şagird ümid dolu gözlərini müəlliminə dikir. Buna görə də hesab edirəm ki, bu gün məktəblərdə əsas işimizdən biri də müəllimin nüfuzu məsələsi olmalıdır. Müəllim şagirdin gözündə ona təhsil verən, onu gələcəyə hazırlayan, həm də vətənini sevən, millətinə, dövlətinə sadiq, milli, tolerantlıq tərbiyəsini aşılayan, yüksək etik xüsusiyyətlərə malik bir şəxsiyyət kimi görünməlidir. Müəllim şagirdə övladı kimi baxmalı, onu sevməli, məktəbli üçün sabaha ümid çırağını yandıran varlığa çevrilməyi bacarmalıdır. Bir sözlə, təhsilalan təhsilverəndən özünə örnək götürməli, müəllim hər yerdə nümunə olmalıdır.

 

Bundan başqa, valideyn nəzarətinin şagirdlərin təhsil almasında, dərslərinə daha diqqətli yanaşmasında rolu əvəzedilməzdir. Çünki orta məktəbdə oxuyan şagird onun üçün nəyin yanlış və ya doğru olduğunu başa düşəcək yaşda olmur və məhz buna görə də bu yaşlarda valideyn nəzarətinin rolu çox  mühümdür. Valideynlər isə övladlarını digər tanışları, sinif yoldaşları ilə müqayisə edərək deyil,  davamlı  həvəsləndirmə və  mükafatlandırma yolu ilə onlarda özlərinə inam formalaşdıraraq bunu etməlidirlər. Həmçinin ilkin olaraq şagirdin valideynləri və müəllimləri onun nələrə həvəsi olduğunu aydınlaşdırmalı və gələcəkdə hansı peşənin sahibi olduqda daha uğurlu və daha xoşbəxt olacağını təhlil edə bilməlidirlər. Əgər hər hansı bir şagird gələcəkdə bacarmadığı və yaxud sevmədiyi işlə məşğul olarsa, bir ömür özünü uğursuz, bacarıqsız biri olaraq görəcəkdir.

 

Dərslərində uğursuz olan şagirdlərin əksəriyyətində sevgi əksikliyinin olduğu görülmüşdür. Məhz buna görə də istər valideynlər, istərsə də müəllimlər tərəfindən göstərilən sevgi, qayğı, diqqət onların uğurlu olmasına ən çox təsir edən amillərdir.

 

Şagirdlərin dərslərində uğurlu olmasına təsir edən amillərdən biri onların düzgün qidalanması,  gündəlik rutinləri, yuxu saatı, texnologiyaya sərf etdiyi vaxtın nizamlı və idmanla məşğul olmasıdır. Təsadüfi deyildir ki, “sağlam bədəndə sağlam ruh olar” ifadəsini gündəlik həyatımızda tez-tez eşidirik. Valideynlərin bir qismi uşaqlarını ancaq oxumağa məcbur edir və idmanla məşğul olmağa qoymur ki,  bu  da onların sağlamlığına mənfi təsir edir. Həmçinin idmanla məşğul olmayan şagirdlərdə tənbəlliyə meyil daha yüksək olur.

 

Şagirdlərin dərslərini daha effektiv oxuya bilməsi üçün ən mühüm amillərdən biri də onların saatlarla dərs oxuması deyil, dərslərini ağıllı şəkildə günlük qrafik üzrə oxumasıdır. Belə ki, bu qrafiklərdə şagirdin  mütaliə saatları, nə qədər dərs oxuyacağı, hansı saat aralıqlarında yatacağı, dincələcəyi qeyd olunmalıdır. Bu şagirddə nizam-intizam formalaşdıracaq və məsuliyyət yaradacaqdır. Belə bir məşhur ifadə vardır: “Övladlarınızı tərbiyə etməyə ehtiyac yoxdur, siz özünüzü tərbiyə edin, onlar da sizə baxıb  tərbiyə olacaqdır”.

 

Uşaqlarda oxumağa həvəs yaratmaq ən mühüm məsələlərdən biridir. Onlara hər hansı müvəffəqiyyətlərində kitab alıb hədiyyə etmək ən doğru addım olar. Belə ki, uşaq kiçik yaşlarından kitablarla tanış olar və onda kitab oxumağa həvəs formalaşar. Onların rəngli dünyaları çoxlu kitab oxuyaraq daha da rəngli bir dünyaya dönüşər.

 

Müasir dövrdə texnologiyanın sürətlə inkişafı orta məktəblərdə təhsil alan şagirdlərin bir qisminin dərslərini daha yaxşı oxumasına, daha dünyagörüşlü və bilikli olmasına səbəb olarkən, digər bir qisminin isə dərslərinə yetərinə diqqət etməmələrinə səbəb olur.

 

Şagirdlərin dərslərində uğurlu olmasına təsir edən digər ən mühüm amillərdən biri də təhsil aldıqları məktəblərin rəhbərliklərinin fəaliyyəti ilə bağlıdır. Məktəb rəhbərliyinin şagirdlərə göstərdiyi diqqət, qayğı, yüksək potensiallı şagirdlərin daha da həvəsləndirilməsi və inkişaf etməsinə xüsusi diqqət göstərilməsi çox zəruri əhəmiyyətə malikdir.

 

Yuxarıda da qeyd etdiyimiz kimi, şagirdlərin dərslərində uğur qazanmasına təsir edən bir çox amillər vardır və bunlar cəmiyyətin formalaşmasında çox spesifik əhəmiyyətə malikdir. Unutmayaq ki, ən böyük liderlər belə bir zamanlar orta məktəbdə oxuyan bir şagird olmuşdur.  Uşaqlar bizim gələcəyimiz və dünyada qoyub gedəcəyimiz ən dəyərli miraslarımızdır.

 

Zərif HƏSƏNOVA, 

Bakı şəhər 10 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini