Şamaxı rayonunda Mirzə Ələkbər Sabirin ev–muzeyində baş tutan və XIX əsrdə ictimai fikrə güclü təsir gücünə malik olan görkəmli maarifpərvər şairin anadan olmasının 160-cı ildönümünə həsr edilən bədii qiraət müsabiqəsi başa çatıb.
Yaradıcı şəxslərin, ziyalıların, təhsil və mədəniyyət işçilərinin qatıldığı yekun tədbirdə çıxış edən ev-muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Rəqsanə Xəlilzadə mübariz ruhlu şeirləri ilə haqsızlığa, riyakarlığa meydan oxuyan şairə ümumxalq sevgisindən, onun xatirəsinin əbədiləşdirilməsi üçün dövlət tərəfindən göstərilən diqqət və qayğıdan bəhs edib.
Bədii-qiraət müsabiqəsinin yekun tədbiri İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elçin Nəcəfovun, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyevin, münsiflər heyətinin üzvü Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) və Bakı Dövlət Universitetinin baş müəllimi Dəyanət Musayevin, ADPU-nun Şamaxı filialının kafedra müdiri, Sabir yaradıcılığının tədqiqatçılarından olan Eyvaz Eminalıyevin və başqalarının məzmunlu çıxışları ilə davam edib.
Məktəblilər arasında keçirilən bu müsabiqənin qalibləri sonda ev-muzeyinin rəhbərliyi tərəfindən Fəxri fərman, təşəkkürnamə və başqa hədiyyələrə layiq görülüblər.
Sifai SƏFƏROVA