Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Xalq artisti, professor Məmmədsəfa Qasımovun  rəhbəri olduğu ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin “Mizan” dram dərnəyinin təşkilatçılığı ilə “Şəhidlik ən uca zirvədir” adlı ədəbi-bədii tədbir keçirilib.

 

Tədbir 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn Pedaqoji Universitet ailəsinin 13 məzununun xatirəsinə həsr olunub. Bunlardan üç nəfəri, o cümlədən Vətən müharibəsinin yeganə xanım şəhidi Arəstə Baxışova Pedaqoji Kollecin məzunudur.

 

Şəhidlərin xatirəsinə həsr olunan səhnələrin, şeir və ifaların yer aldığı kompozisiya böyük maraq və həyəcanla qarşılanıb.

 

Sonda çıxış edən universitetin rektoru, professor Cəfər Cəfərov bildirib ki, müasir dövrdə mütəxəssis hazırlığının əsas istiqamətlərini müzakirə edərkən, əsasən iki məqam üzərində dayanılır- vətənpərvər və səriştəli kadrlar hazırlamaq:”Məhz bu baxımdan tanınmış sənətkarımız Məmmədsəfa Qasımovun  rəhbərliyi ilə “Mizan” dram dərnəyinin fəaliyyəti olduqca vacib və diqqətəlayiqdir”.

 

Çıxış edən Xalq artisti Məmmədsəfa Qasımov da yaradılan şəraitə və göstərilən diqqətə görə təşəkkürünü bildirib, şəhidlərimizə hər birimizin mənəvi borcu olduğunu vurğulayıb.