Sumqayıt Dövlət Universitetinin (SDU) filologiya fakültəsinin təşkilatçılığı ilə  Xalq şairi Vahid Əzizlə “Sözün sevgi kölgəsi” adlı görüş keçirilib.

 

SDU-nun rektoru, professor Elxan Hüseynov Xalq şairi Vahid Əzizi universitetdə görməkdən məmnun olduğunu bildirib.

 

Görüş Muğam müsabiqəsinin laureatı, müğənni Gülzar Fərəcovanın ifasında  Xalq şairi Vahid Əzizin sözlərinə bəstələnmiş “Bayatılar” musiqisi ilə başlayıb.

 

Tələbələrin ifasında “Mənə yüz il ömür arzulamayın” kompozisiyası da nümayiş etdirilib.

 

Sonra çıxış edən V.Əziz tələbələrlə görüşməyin və ünsiyyət qurmağın insana stimul verdiyini bildirib. Xalq şairi dünya və Azərbaycan ədəbiyyatının inkişaf tarixindən, nəsr və poeziyanın fərqli xüsusiyyətlərindən bəhs edib. Qeyd edib ki, tələbələr xarici dil imkanları hesabına ölkəmizin mədəniyyəti və ədəbiyyatının dünyaya çatdırılması prosesinə öz töhfələrini verirlər.

 

Şairin həyat və yaradıcılığından bəhs edən videoçarxın nümayişindən sonra 

 

Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Aftandil Məmmədov, həmin kafedranın professoru Rafiq Əliyev, baş müəllim, filologiya üzrə fəlsəfə doktoru İlahə Vəliyeva, hərbi təqaüdçü Mansur Qədirov, Bakı Musiqi Akademiyasının professoru, bəstəkar pianoçu Könül Hüseynova çıxış edərək, şairin həyat və yaradıcılığının müxtəlif aspektlərindən danışıb, 44 günlük Vətən müharibəsindən sonra qələmə aldığı, Dövlət mükafatına təqdim edilmiş "Param-parça illər" kitabı haqqında tədbir iştirakçılarına geniş məlumat veriblər. Bildirilib ki, əslən Qərbi Zəngəzurun Dərələyəz mahalından olan, uşaqlıq və gənclik illərini daim Qarabağ ab-havası duyulan Tərtərdə keçirmiş Vahid Əziz hər zaman qəlbində doğma yurd, Qarabağ həsrətini, ağrı-acısını yaşatmışdır. Şair ötən illər boyu Qarabağla, Zəngəzurla bağlı həm nostalji-nisgilli, həm də nikbinliklə dolu yüzlərlə şeir yazmışdır.

 

Tədbirdə tələbələrə öz şeirlərini oxuyan şair onların çoxsaylı suallarını da cavablandırıb.

 

Yekunda rektor E.Hüseynov "Param-parça illər" kitabında xalqımızın qələbəsinin poetik tərənnümünü Qarabağ Zəfərinə töhfə kimi qiymətləndirib. Belə görüşlərin ədəbi mühitin inkişafına, gənclərin şeirə, bədii ədəbiyyata marağının artırılmasına, mütaliə mədəniyyətinin yüksəlməsinə, dünyagörüşlərinin əhatəli olmasına və yazıçılarla oxucuların ünsiyyətinin daha da sıxlaşmasına xidmət etdiyini bildirib. Rektor universitetin bütün kollektivinin kitabın ali Dövlət mükafatına layiq olduğu rəyini təsdiqlədiyini bildirib və qonağa uğurlar arzulayıb.