Türkiyənin İğdır Universitetində “Zəngəzur dəhlizinin regional inkişafda və iqtisadi artımda strateji əhəmiyyəti” mövzusunda konfrans keçirilib.

 

Serhat İnkişaf Agentliyi və İğdır Universitetinin birgə təşkil etdiyi konfransda Zəngəzur dəhlizinin açılmasının Mərkəzi Asiya ilə əlaqələrin qurulması, həm də Rusiya, İran, Türkiyə, Azərbaycan, Gürcüstan, Ermənistan  arasında  tarixi İpək yolunu bərpa edəcəyi məsələlərinə aydınlıq gətirilib.

 

Tədbirdə çıxış edən İğdır valisi Hüseyn Engin Sarıibrahim Türkiyə Azərbaycan arasında imzalanan əməkdaşlıq sənədlərinin qardaş dövlətlər üçün xüsusi əhəmiyyətdən danışıb. Bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyənin Azərbaycanla nəqliyyat əlaqələri birbaşa təmin olunur və Ardahan, İğdır, Qarsdan ibarət olan sərhəd bölgəsi ticarət, iqtisadi və mədəni əlaqələrin inkişafı üçün mühüm potensial yaradır.

 

Konfransda çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Zəngəzur dəhlizinin açılmasını regionda sülhün, iqtisadi inkişafın əsasını təşkil edəcəyini vurğulayıb. Diqqətə çatdırılıb ki, region üçün böyük strateji əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Azərbaycanı bölgənin nəqliyyat qovşaqlarının mərkəzinə çevirməklə bərabər, həm də regional əməkdaşlığın inkişaf etdirilməsi, perspektivdə müharibə ehtimalının minimuma endirilməsi baxımından önəmlidir. Digər tərəfdən, sözügedən dəhliz Türk dünyası üçün Orta Asiyaya ticarət qapısı rolunu oynayacaq və iqtisadi əlaqələrin gücləndirilməsinə imkan verəcək.

 

Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev erməni işğalı nəticəsində Naxçıvanın Azərbaycanla quru sərhədlərinin kəsilməsini ölkəmizin o dövr üçün ən ağır sınaqlarından hesab edib. Vurğulanıb ki, tarixi qələbədən sonra uğurlu və məqsədyönlü siyasi diplomatik danışıqların nəticəsində Zəngəzur dəhlizinin açılması bundan sonrakı proseslərin inkişafı üçün yeni qapı olacaq və bu birlik, həmçinin Türk dünyası ölkələrinə də öz töhfələrini verəcək.

 

Serhat İnkişaf Agentliyinin baş katibi Nurullah Karaca, İğdır Universitetinin rektoru, professor Mehmet Hakkı Alma Zəngəzur dəhlizinin açılışı və onun bölgə üçün əhəmiyyəti ilə bağlı çıxış ediblər.

 

Qeyd edək ki, üç gün davam edəcək konfrans yekun bəyannamə ilə bitəcək.