Bakı Dövlət Universitetinin (BDU) tələbə və müəllimləri Azərbaycan-Yaponiya diplomatik əlaqələrinin yaradılmasının 30 illiyinə həsr olunmuş VI Yapon Mədəniyyəti Festivalında iştirak ediblər. Festivalı Yaponiyanın Azərbaycandakı səfiri Vada Cuniçi açıb. Səfir festivalın yapon mədəniyyətinin əsas sahələrini əhatə etdiyini, bütün stendlərin hazırlıq və tərtibatının azərbaycanlı yaponsevərlər tərəfindən yerinə yetirildiyini deyib.
Festivalda 10 qurum tərəfindən hazırlanmış stend və musiqi təqdimatları nümayiş etdirilib. Azərbaycanda ilk və aparıcı yapon dili məktəbinin yaradıcısı BDU-nun şərqşünaslıq fakültəsi festivalda ən məhsuldar proqramla çıxış edib.
Fakültənin stendləri və musiqi təqdimatları Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimləri və Yaponşünaslıq ixtisasının tələbələri tərəfindən hazırlanıb.
Festival qonaqların böyük marağına səbəb olub. Onlar yapon mədəniyyəti və müxtəlif ənənəvi sənətkarlıq nümunələrinin əks olunduğu stendlərlə, yapon xəttatlığı sənəti ilə tanış olub, ikebanaların yığılmasına, gül kompozisiyalarına, ənənəvi yapon çay mərasiminin keçirilməsinə və oriqamilərin bükülməsinə böyük maraq göstəriblər.
Sonda növbəti festivalların BDU-nun təşkilatçılığı ilə keçirilməsi qərara alınıb.