Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Azərbaycan Texnologiya Universiteti (UTECA) arasında görüş keçirilib.
Görüşdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavinləri Səməd Tomuyev və Adil Tağıyev, UTECA-nın rektoru, professor Akif Süleymanov, Aparat rəhbəri Bəylər Mirzəzadə və rektorun müşaviri, “Gəncə İş Adamları” İB-nin Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə nümayəndəliyinin rəhbəri Aqil Eyvazov iştirak edib.
Rektor A.Süleymanov universitetin gələcək planlarından danışıb. Bildirib ki, qida, yüngül sənaye və dağ-mədən metallurgiya sənayesi olmaqla, əsasən 3 istiqamət üzrə kadr hazırlayan UTECA öz inkişaf strategiyasında Qarabağın dirçəldilməsi kontekstini əsas xəritə olaraq götürüb və bu istiqamətdə kadr hazırlığını bir missiya olaraq görür. Rektor əlavə edib ki, UTECA bu məqsədlə yeni layihələr üzərində çalışır.
Görüş zamanı KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “TEKNOFEST” Azərbaycan festivalında çıxış edəcək UTECA-nın startap komandaları və layihələri ilə tanış olub. Bildirib ki, sənaye sahəsində çalışan şirkətlər arasında innovativ yanaşma əsasında fəaliyyət göstərənlər bazara daha çox çıxış əldə edir, ona görə də yeni nəsil tələbələr üçün bu xüsusiyyətin aşılanması vacib amildir.
Müzakirələr zamanı KOBİA, UTECA və “Gəncə İş Adamları” İB-nin birgə təşkilatçılığı ilə Gəncə-Daşkəsən iqtisadi rayonunda sənayenin innovativ texnologiyalar əsasında inkişafı üzrə İşçi Qrupun yaradılmasına dair razılıq əldə edilib. İşçi Qrup tərəfindən Gəncə-Daşkəsən iqtisadi rayonunda sənayenin innovativ texnologiyalar əsasında inkişafı proqramı və İnvestisiya Xəritəsinin yaradılması nəzərdə tutulub. Layihə mövcud vəziyyətin təhlili, regionun sənaye potensialının qiymətləndirilməsi, sənayenin perspektiv inkişaf modelinin qurulması, perspektiv sahələr üzrə inkişaf potensialının dəyərləndirilməsi, pilot sənaye sahəsi üzrə klaster təşəbbüsünün hazırlanması və həyata keçirilməsi olmaqla bir neçə moduldan ibarət olacaq.