Naxçıvan Dövlət Universiteti (NDU) Magistratura mərkəzində “İngilis dilinin uğurlu karyerada rolu və əhəmiyyəti” mövzusunda tədbir keçirilib.
Xarici dillər fakültəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə fakültənin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şirməmməd Qulubəyli qeyd edib ki, ingilis dili dünyada ən vacib dillərdən biridir, bu dilin 67-dən çox ölkədə rəsmi dil statusu var, amma digər ölkələrdə də geniş şəkildə istifadə edilir. Vurğulanıb ki, tədbirin keçirilməsində məqsəd həm ingilis dili, həm də digər ixtisaslarda təhsil alan tələbələrə bu dilin vacibliyini təşviq etməkdir.
İngilis dili və tərcümə kafedrasının baş müəllimi Aidə Cəlilzadə ingilis dilinin uğurlu karyerada rolundan danışaraq qeyd edib ki, daha yaxşı iş və karyera istəyən hər bir kəs mütləq ingilis dilini öyrənməlidir. Qeyd edilib ki, tələbələrə nəzəri biliklərlə yanaşı, təcrübə də əhəmiyyətlidir.
İngilis dili və tərcümə kafedrasının müəllimi Həsən Əlisoy diqqətə çatdırıb ki, bir dili öyrənmək şəxsi müvəffəqiyyətin əsasını təşkil edir. Qeyd edilib ki, dünyanın ən yaxşı musiqi, kino və televiziya şoularının ingilis dilində olduğunu nəzərə alsaq, dili başa düşmək bu kimi mədəniyyətləri daha yaxşı mənimsəməyə kömək edəcək. Sonra dil öyrənmənin asan yollarından nümunələr gətirilib, tələbələrin sualları cavablandırılıb.
Əli YARIYEV,
NDU-nun Jurnalistika ixtisasının I kurs tələbəsi