Bakı Dövlət Universitetinin biologiya fakültəsi nəzəriyyənin sənayeyə tətbiqi istiqamətini daim prioritet götürür və tələbələrin sənaye müəssisələrinə silsilə səfərlərini təşkil edir.  

 

Bu istiqamətdə növbəti səfər Ağdaş rayonunda yerləşən Biyan Sənaye Parkına olub.

 

Fakültənin Botanika və bitki fiziologiyası kafedrasının əməkdaşları Kəmalə Əsədova və Fidan Məmmədovanın rəhbərliyi ilə II kurs tələbələri Biyan Sənaye Parkında təcrübə keçiblər.  

 

Əvvəlcə Biyan Sənaye Parkının yaradılması və fəaliyyəti barədə film nümayiş etdirilib. Sonra tələbələr plantasiyada əkilən biyan və digər dərman bitkiləri barədə məlumatlandırılıblar. Onlar Biyan Sənaye Parkının nəzdindəki Biyan tədarükü və emalı zavodunda həyata keçirilən emal prosesi ilə yaxından tanış olublar.

 

Qeyd edilib ki, biyan kökü həm mexaniki üsulla, həm də əllə seçilir, təmizlənir, yuyulur, müxtəlif formada və ölçüdə doğranır, qurudulur və qablaşdırılır.

 

Biyan Sənaye Parkının nəzdində fəaliyyət göstərən Bitki ekstraktı və sirop zavodunda bioloji fəallığa malik qida əlavələri istehsal olunur. İstehsal olunan müalicəvi şərbətlərin öskürək, iltihab, qrip və zökəm əleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlobini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malik olması barədə tələbələrə məlumat verilib. Məhsulların başlıca üstünlükləri bitki mənşəli olması, xammalın ekoloji təmizliyi, tərkibində kimyəvi maddələrin - konservant, dadverici və rəngvericilərin olmamasıdır.

 

Təcrübə rəhbəri K.Əsədova tələbələrə biyan və digər dərman bitkilərinin bioekoloji xüsusiyyətləri, tərkibi və tibbi əhəmiyyəti barədə məlumat verib.

 

Səfər dərs zamanı qazanılmış nəzəri biliklərin təcrübədə tətbiqi, tədrisin təcrübəyə inteqrasiyası baxımından məhsuldar olub.