Çin İctimai Elmlər Akademiyasından (ÇİEA) olan  bir qrup alim Azərbaycan Dillər Universitetində (ADU) olub.  ADU-nun  rektoru, akademik Kamal Abdulla  ÇİEA-nın Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun rəhbərlik etdiyi nümayəndə heyəti, “Bir kəmər və bir yol”  Elmi Araşdırmalar Mərkəzinin direktoru Çan Nin ilə görüşüb. Qonağı salamlayan rektor  onu universitetdə görməkdən məmnun olduğunu bildirib. İki təşkilat arasında elmi əməkdaşlıq perspektivləri və birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Görüşdə ADU və Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutu arasında əlaqələrin möhkəmləndirilməsi, birgə tədqiqatların aparılması, birgə elmi nəşrlərin hazırlanması və bir sıra başqa istiqamətlər üzrə qarşılıqlı maraq doğuran faydalı əməkdaşlığın həyata keçirilməsinin vacibliyi vurğulanıb. Direktor Çan Nin rəhbərlik etdiyi elmi müəssisədə Qafqaz ölkələrinin tədqiqi üzrə aparılan fəaliyyətlərdən söz açaraq görüşün çox məhsuldar keçdiyini və iki müəssisə  arasında yaranan elmi əməkdaşlığın hər iki tərəf üçün böyük fayda verəcəyinə əminliyini bildirib.  Daha sonra qonaqlar ADU-da fəaliyyət göstərən Konfutsi İnstutu ilə tanış olublar. Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Çinin “Bir kəmər – bir yol” qlobal layihəsinin reallaşdırılması sahəsində tədqiqatlar üzrə püxtələşən Konfutsi İnstitutunun elmi-tədqiqat fəaliyyəti, Çin fəlsəfə və tarixinə dair elmi seminarların mövzusü barədə qonaqlara məlumat verib.


Sonda qonaqlara ADU-nun Konfutsi İnstitutunun Çin dilində nəşr etdirdiyi “İlham Əliyev – iki qədim xalqın dostluğunun müasir davamçısı” əsəri və Azərbaycan dilində çapdan çıxmış Çin Xalq Respublikasının Sədri Si Cinpinin dövlət idarəçiliyinin müasir konsepsiyasına və Çin rəhbərliyinin siyasi strategiyasına həsr olunmuş çıxışlarının əsas tezislərindən ibarət kitab hədiyyə edilib.