Qazaxıstanın Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan, baş elmi işçi, iqtisadiyyat elmləri doktoru Dina Aytjanova və kiçik elmi işçi Bayan Yerqarinanın daxil olduğu nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda (ETİ) olub.

 

Görüşdə qazaxıstanlı qonaqlar ETİ direktoruna təmsil etdikləri elmi müəssisənin rəhbərliyi adından əməkdaşlıq barədə müraciəti çatdırıblar.

 

Elm Tarixi İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli rəhbərlik etdiyi institutun beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə uğurlu təcrübəyə malik olduğunu bildirib. M.Seyidbəyli elmi müəssisələr arasında arzuolunan əməkdaşlığın ölkələrarası elmi-mədəni əlaqələrin dinamikasına və gələcək inkişafına xüsusi töhfələr verə biləcəyini vurğulayıb. İnstitut rəhbəri ETİ-nin fəaliyyət istiqamətləri, elmi tədqiqatları, beynəlxalq əlaqələri və gerçəkləşdirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib.

 

Sonra Qazaxıstan Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Duysen Qalımjan təmsil etdiyi institut haqqında danışıb. Qeyd olunub ki, 50 işçinin, o cümlədən 12 elmlər doktoru və 25 elmlər namizədinin çalışdığı elmi müəssisədə 300-dən çox monoqrafiya nəşr olunub.

 

İnstitutun baş elmi işçisi Dina Aytjanova isə imzalanacaq memorandumun əhəmiyyətini vurğulayaraq bu əməkdaşlığın hər iki ölkə elminə töhfə verəcəyini bildirib.

 

Görüşün sonunda ETİ və Qazaxıstan Şərqşünaslıq İnstitutu arasında 2022-2027-ci illəri əhatə edən əməkdaşlıq haqqında memorandum imzalanıb.