Sumqayıt Dövlət Universitetinin (SDU) riyaziyyat fakültəsinin təşkilatçılığı ilə tələbələr arasında ali məktəbin 60 illiyinə həsr olunmuş olimpiada keçirilib.  

 

Əvvəlcə riyaziyyat fakültəsinin dekanı, dosent Xalidə Həsənova 2014-cü ildə rektor, professor Elxan Hüseynovun rəhbərliyi ilə “Sumqayıt Dövlət Universitetinin 2025-ci ilədək olan müddət ərzində inkişaf konsepsiyası” və onun əsasında “SDU-da təhsilin inkişaf strategiyası”nın hazırlanması barədə məlumat verib. Vurğulayıb ki, bu konsepsiyada universitetin təhsil sisteminin modernləşdirilməsi və dünya təhsil məkanına inteqrasiyası, elmi tədqiqatların  müasirləşdirilməsi kimi məsələlər başlıca yer tutur və burada əsas məqsəd SDU-nun təhsil və tədqiqat innovasiya mərkəzinə çevrilməsidir.

 

Dekan onu da bildirib ki, olimpiadanın təşkil edilməsində məqsəd istedadlı tələbələrin aşkar edilməsi, tələbələrdə bu fənnə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdan ibarətdir.

 

Sonra Riyazi analiz və funksiyalar nəzəriyyəsi kafedrasının müdiri, professor  Nəbi Qurbanov və Differensial tənliklər və optimallaşdırma kafedrasının müdiri, professor Fikrət Feyziyev  bu cür tədbirlərin elmə maraq yaradılması baxımından keçirilməsinin vacibliyini vurğulayıb.

 

Qeyd edək ki, olimpiada riyaziyyat fakültəsi üzrə bütün ixtisasların I, II, III kurs tələbələri arasında keçirilib. Açıq suallar şəklində təşkil olunmuş olimpiada zamanı 100-dən çox tələbə 3 saat ərzində sualları cavablandıraraq öz biliklərini nümayiş etdiriblər.