Təhsilin ən əsas vəzifəsi yeni düşüncəli yaradıcı şəxsiyyətin formalaşdırılmasıdır. Həyatı gözəlləşdirmək, nəyisə qurub yaratmaq insanın əqidəsi, bacarığı, mövqeyi və qəlbindən asılıdır. Burada estetik tərbiyənin mühüm rolu vardır. Estetik tərbiyə hər zaman cəmiyyətin mənəvi həyatının zənginləşməsinin dayağıdır. Yeniyetmə şagirdlərin zövqü və estetik hissləri nə qədər mükəmməl olarsa, o, əxlaq kamilliyini, mədəni sərvətlərin dəyərini asanlıqla qavrayar.

 

Gənclərdə estetik tərbiyənin məqsədi yalnız gözəlliyi duymaq və anlamaq qabiliyyətinin formalaşdırılmasından ibarət olmamalıdır, həm də gözəlliyi yaratmaq bacarığını üzə çıxarmağa xidmət etməlidir. Deməli, estetik tərbiyə insan mənəviyyatında gözəlliyin yaradılması, inkişaf etdirilməsi, tamamən insanın ruhuna hopması deməkdir.

 

Şagirdlərdə estetika və mənəvi zənginliyi formalaşdırmaq - yaradıcılığa fəal həvəs göstərmək, özünə inam və özünü bir fərd kimi ifadə etmək bacarığını üzə çıxarmaqdır.

 

Varlığın estetik anlamda dərk olunması çoxcəhətli və ciddi prosesdir. Bu prosesin yaranıb və inkişaf etməsində əsas yük məktəb və müəllimlərin boynuna düşür. M.Ə.Sabir haqlı olaraq deyirdi: “Tərbiyənin ibtidası məktəbdir”. Şagirdlərin gözəlliklərlə tanışlığı, nə ilə bağlı olursa-olsun, həyatı estetik dərkdir. Bu baxımdan məktəbdə incəsənətlə bağlı olan fənlərin tədrisinə diqqətli yanaşılmalıdır və bu, ədəbiyyat, rəsm və musiqi müəllimlərinin mənəvi borcudur. Çünki şəxsiyyətin ali mədəniyyəti, gələcəkdə estetik baxışlarını inkişaf etdirmək qabiliyyəti estetik tərbiyə prosesinin ən yüksək nəticəsidir. Şəxsiyyətin formalaşmasında əsas meyarlardan biri bədii mədəniyyətdir. Bədii mədəniyyət isə estetik mədəniyyətin təməlidir. Estetika bədii ədəbiyyatın mütaliəsində özünün ən yüksək ifadəsini tapır. Mütaliə insanın ruhundakı humanist duyğuları nəcibləşdirir, onu ictimaiyyət  qarşısında qoyulan vəzifələrin yerinə yetirilməsində müstəqil və məsuliyyətlə iştirak etməyə hazırlayır. Əslində hər bir fərd dünyanı bütün gözəlliyi və zənginliyi ilə dərk etməlidir. Estetik zövq də buna xidmət edir. Elm , ədəbiyyat ,incəsənət və estetik hissin vəhdəti dünyanı dolğunluğu və zənginliyi ilə qavramağa imkan verir.

 

Bəzən ciddi bir olayı bir şeir və ya bir tablo o qədər gözəl ifadə edir ki, həmin olay haqqında uzun-uzadı danışmağa lüzum qalmır. Məsələn, Əli Kərimin “Daş” şeiri müharibələrin yaranma səbəbləri və acı nəticələrini həm fəlsəfi, həm də poetik şəkildə çox aydın göstərir ki, əlavə söz deməyə ehtiyac duyulmur. Şeirin forma və məzmun gözəlliyi istər-istəməz oxucuda xüsusi bir fikir və zövq formalaşdırır. Yaxud Pikassonun “Gernika” tablosu faşizmin, ümumilikdə, insan qanına susayan müharibələrin yaşatdığı dəhşətləri dolğun şəkildə əks etdirir. Bu tablo faşist bombalarının bəşəriyyəti məhv etməsindən doğan nifrətin fəryadıdır. Deməli, estetika bədii ədəbiyyat və incəsənətdə özünün ən yüksək ifadəsini tapır.

 

Bu gün təhsilin qarşısında duran əsas vəzifələrdən biri də şagirdlərdə ali estetik hiss formalaşdırmaq və inkişaf etdirməkdən ibarətdir. Doğrudur, bir çox məktəblərdə şagirdlərin estetik tərbiyəsi ilə məşğul olan müxtəlif dərnəklər fəaliyyət göstərir. Bunlar öz yerində, ancaq, fikrimizcə, hər bir müəllim tədrisdə estetik zövqün formalaşmasına diqqətlə yanaşmalı, gələcəyimizin mükəmməl gəncliyə əmanət edilməsinin təminatçısına çevrilməlidir.

 

Əslində gözəlliyə dəyərvermə, onu anlama, qavrama insanda körpə yaşlarından formalaşmağa başlayır. İnsan uşaqlıqdan “gözəllik” və “çirkinliyin” nə olduğunu müxtəlif yaş zamanında dərk edir, müstəqil şəkildə əşya, hadisə və onu əhatə edən mühiti öyrənir. Təbii ki, mühit gözəl, əxlaqi dəyərlərlə zəngin olanda insan da müxtəlif yaş pillələrini adlayıb faydalı bir fərd kimi yetişir, inkişaf edərək cəmiyyətin hər hansı bir sahəsində çalışan müstəqil bir şəxsiyyətə çevrilir. Yeniyetməlik və gənclik dövründə insanın həyata münasibəti aydınlaşır, onun əxlaqı, estetik dəyərləri tam formalaşır. Elə buna görə də insan daim mütaliə etməli, mənəvi dünyasını müntəzəm olaraq zənginləşdirməli və təkmilləşdirməlidir.

Bu gün fasiləsiz təhsil deyəndə, məhz şəxsiyyətə çevrilmiş insanın bütün yaş dövrlərində təkmilləşməsi, öz üzərində inkişafı nəzərdə tutulur. Çağdaş təhsilimizin də qarşısında duran ən mühüm məsələlərdən biri cəmiyyətimiz üçün, həqiqətən, tərbiyəli, savadlı şəxsiyyət yetişdirməkdir. Təsadüfi deyil ki, kurikulumun əsas şərtlərindən biri də təhsilin məhz şəxsiyyətyönümlü olmasıdır.

 

Gəncə şəhər Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbdə də şagird və yeniyetmələrin estetik zövqünün, dünyagörüşünün formalaşması və inkişaf etməsi ilə bağlı bir sıra işlər görülür. Məktəbimizin ədəbiyyat, rəsm və musiqi müəllimləri asudə vaxtdan səmərəli və məzmunlu istifadə məqsədi ilə yığıncaqlar, qiraət gecələri keçirir, şagirdlərin əl işləri və çəkdikləri rəsmlərdən  ibarət sərgilər təşkil edir, onların istedadını üzə çlxarmaqla yanaşı, estetik zövqlərinin formalaşmasında bələdçilik edib düzgün yol göstərirlər. Bacarıq və biliyin vəhdəti çağdaş təhsilin əsas şüarlarındandır. Əlbəttə ki, gənclərin estetik tərbiyəsinin təməlində incəsənət dayanır. Bədii qiraət, tərbiyəvi və maarifləndirici filmləri, cizgi filmlərini izləmək, musiqiyə qulaq asmaq və ya ifa eləmək, heykəltaraşlıq və rəssamlıqla məşğul olmaq estetik tərbiyə işinin formalaşmasına təkan verir. Çünki bugünkü şagirdlər gələcəyin şairi, yazıçısı, rəssamı, memarı, bəstəkarı və müğənnisi, aktyoru və qiraətçisidirlər. Yeri gəlmişkən, siyasi aləmdə də ayrı-ayrı sahələrdə öz sözünü demiş incəsənət xadimləri çoxdur. Bütün bunların formalaşmasında da ən ağır və məsuliyyətli yük təhsil sahəsinin çiyinlərindədir. Ümumiyyətlə, yaradıcı, bacarıqlı gənclər həmişə həyatımızı əks etdirməyə çalışmalıdırlar. Bu gün hər bir müəllim gənclərin estetik tərbiyə məsələsinə ciddi yanaşmalıdır.

 

Gülşən SADIXOVA,

Gəncə şəhər Ə.Cavad adına 2 nömrəli tam orta məktəbin dil-ədəbiyyat müəllimi