Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının (YTP) yeni inkubator-rezidenti olan “Troniq” MMC “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalında iştirak edəcək.
Bu barədə məlumat verən müəssisənin direktoru Anar Nəbiyev “Troniq” MMC-nin ən müasir standartlar əsasında istənilən növ avadanlıqlar üçün plataların istehsalı və onların proqram təminatının yazılmasını həyata keçirdiyini bildirib.
A.Nəbiyev qeyd edib ki, müəssisə festival çərçivəsində təşkil olunacaq sərgidə müxtəlif növ robot texnikası, platalar, süni intellekt məhsullarının nümayişini həyata keçirəcək.
“Sərgidə yoluxucu xəstəliklərin, virusların və mikrobların yayılmasının qarşısını almaq üçün hazırlanmış süni intellekt əsaslı “Seit-uv” robotu”nun nümayişi planlaşdırılır”, - deyən şirkət rəsmisi bildirib ki, bu robot öncədən müəyyən edilmiş marşrut üzrə bütün maneələri aşaraq dezinfeksiya işlərini aparmaq imkanına malikdir.
“Troniq”in istehsal etdiyi bütün avadanlıqlar və proqram təminatlarının ən yüksək texnoloji tələblərə cavab verdiyini söyləyən A.Nəbiyev məhsulların keyfiyyət və təhlükəsizlik üzrə kompleks sınaqlardan keçirildiyini də diqqətə çatdırıb.
Direktor sərgidə, həmçinin süni intellektlə işləyən proqram təminatının təqdim olunacağını da bildirib.