Azərkosmos Kosmik Agentliyinin əməkdaşları Azərbaycan Memarlıq və İnşaat Universitetinin mexanika və informasiya texnologiyaları fakültəsinin tələbələri üçün infosessiya keçirib.

 

Tədbirdə universitetin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, fakültənin əməkdaşları, agentliyin Strateji inkişaf və planlaşdırma Departamentinin rəhbəri Natəvan Həsənova, Peyk və yerüstü qurğuların idarə edilməsi Departamentinin mühəndisi İlkin Alıyev, SGAC-nin Azərbaycan üzrə nümayəndəsi Əli Məmmədov iştirak ediblər.

         

Natəvan Həsənova agentliyin fəaliyyəti, idarəçiliyində olan “Azerspace-1”, “Azerspace-2” və “Azersky” peykləri vasitəsilə göstərilən telekommunikasiya, teleradio yayım və Yer səthinin məsafədən müşahidə xidmətləri barədə geniş məlumat verib. Bildirib ki, Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan “Azərkosmos” telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və “Azərkosmos” tərəfindən idarə edilən “Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu orbital mövqeyində yerləşir, Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. N.Həsənova ölkəmizin 2023-cü ildə  keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazandığını da diqqətə çatdırıb.

        

Agentliyin mühəndisi İlkin Alıyev isə tələbələrə kosmosun faydaları və əhəmiyyəti, kosmosa buraxılan peyklər, onların istehsalı, istifadə müddətləri  barədə məlumat verib. İ.Alıyev ölkədə kosmik fəaliyyət sahəsində “Azərkosmos”un rolu, maarifləndirici layihələr, tələbələr üçün karyera imkanlarından da danışıb.

        

SGAC-nin Azərbaycan üzrə nümayəndəsi Əli Məmmədov isə tələbələri qurumun təşkil etdiyi layihələrlə bağlı məlumatlandırıb, onları bu layihələrdə fəal iştiraka səsləyib.