Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevin Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri ilə görüşü olub.
Görüşdə ADU-nun rektoru, akademik Kamal Abdulla Təhsil Tələbə Krediti Fondunun yaradılmasının əhəmiyyətindən danışıb. Bildirib ki, fondun təsis edilməsi dövlətin gənclərə olan qayğısının, diqqətinin bariz nümunəsidir.
Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev fondun yaranma tarixi, məqsədi haqqında geniş məlumat verib:”Fondun fəaliyyəti ölkə üzrə 44 ali təhsil müəssisəsini və 55 orta-ixtisas təhsil müəssisəsini əhatə edir. Ölkə üzrə təxminən 266 min nəfər tələbə təhsil alır. Onlardan 146 min nəfəri ödənişli təhsil alır. Krediti almaq üçün tələbə girov, zamin, borcalan və s. heç bir öhdəliklə yüklənmir”.
A.Paşayev əlavə edib ki, fondun yaradılmasında əsas məqsəd əhalinin aztəminatlı təbəqəsindən olan şəxslərin təhsilə əlçatanlığını təmin etmək, onlar üçün bərabər imkanlar yaratmaq və təhsilin əhatə dairəsini genişləndirməkdir.
Görüşdə mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.