Bakı Dövlət Universitetində (BDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Dahi şəxsiyyət və müdrik lider” mövzusunda Respublika elmi konfransı keçirilir.
BDU-nun rektoru Elçin Babayev bildirib ki, ümummilli lider Heydər Əliyev bütün mənalı ömrünü doğma xalqının xoşbəxt gələcəyinə, ölkəsinin tərəqqisi, dövlətinin möhkəmlənməsi və rifahına həsr edib:“Həm sovet dönəmində, həm də dövlət müstəqilliyimizin ilk illərində dahi şəxsiyyətin ölkəmizə rəhbərlik etdiyi dövrlər ölkəmizin və xalqımızın müqəddəratının tənəzzüldən tərəqqiyə doğru dəyişdiyi dövrlərdir. Məhz bu dövrlərdə Ulu Öndərin dövlətçilik fəlsəfəsinin əsasını təşkil edən azərbaycançılıq məfkurəsi formalaşıb. Respublikaya böyük uzaqgörənliklə və müdrikcəsinə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycanda quruculuq salnaməsinin parlaq dövrü kimi tarixə düşüb. Heç kəsə sirr deyil ki, XX əsrin sonlarına yaxın dövlət müstəqilliyini bərpa etmiş Azərbaycan xalqı üzləşdiyi çətinlikləri, başına gətirilən bəlaları dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə dəf etdi. 1990-cı ilin 20 Yanvar faciəsindən sonra o, ilk şəxs idi ki, sovet rəhbərliyinin addımını pislədi. Qanlı Yanvar faciəsini törədənləri ittiham etdi, Kommunist Partiyasının sıralarını tərk etdi”.
Rektor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə, ölkəmiz üçün həlledici bir məqamda hakimiyyətə gəlişi Azərbaycanın müasir tarixinin şərəfli səhifələrinin yazılmasına və dövlətimizin müstəqilliyinin əbədiliyinə hərtərəfli zəmin yaratdı.
Balanslaşdırılmış və milli mənafeyə əsaslanan dövlət siyasəti, ictimai-siyasi sabitliyin dayanıqlığı, iqtisadi qüdrət və güclü sənaye potensialı, elmi-texniki tərəqqi, təhsil və səhiyyənin inkişafı, müasir ordu quruculuğu, xalqın rifahının və həyat tərzinin durmadan yaxşılaşdırılması, milli irsin qorunması və milli-mənəvi dəyərlərin möhkəmləndirilməsi Ümummilli Liderin başlıca strateji hədəflərinə çevrildi:”Ulu öndərin başladığı quruculuq işlərinin uğurlu icrasını bu gün möhtərəm Prezidentimiz İlham Əliyev uğurla təmin edir. 44 gün davam edən Vətən müharibəsində, haqq savaşımızda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Ölkəmizin ərazi bütövlüyü təmin edildi. Ali Baş Komandanımızın ətrafında xalqımız yumruq kimi birləşdi, haqq qələbə çaldı”.
Milli Məclisin Komitə sədri, BDU-nun Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov Ümummilli Liderin hüquqi dövlət quruculuğu istiqamətindəki fəaliyyəti barədə çıxış edib. Bildirib ki, müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının yaradılması Ulu Öndərin adı ilə bağlıdır:”Bu əsaslar güclü iqtisadiyyat, ordu quruculuğu və peşəkar xarici siyasətə söykənir. Məhz bu istiqamətlərdə həyata keçirilən uzaqgörən siyasət Azərbaycanın sonrakı uğurlarının və Vətən müharibəsindəki qələbəmizin əsasını qoyub. Hazırda Azərbaycanın güclü iqtisadiyyatı və ordusu var, bütün dünyada artıq ölkəmizlə hesablaşırlar”.
Yasamal rayon icra hakimiyyətinin başçısı Elşad Həsənov Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanılmasındakı xilaskarlıq missiyasını nəzərə çatdırıb. Vurğulayıb ki, Ulu Öndər olmasaydı, Azərbaycan XX əsrin sonlarında ikinci dəfə dövlət müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qalacaqdı. O, nəinki xalqın xilaskarı, eləcə də Azərbaycan dövlətinin möhkəmlənməsinin banisidir.
Millət vəkili, BDU-nun Genetika kafedrasının müdiri Kamilə Əliyeva qeyd edib ki, dahi liderin həyat və fəaliyyəti hər bir azərbaycanlı üçün nümunədir. Azərbaycanın əldə etdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən nailiyyətlərin təməlində Ümummilli Liderin müəyyənləşdirdiyi daxili və xarici siyasət kursu dayanır.
Daha sonra millət vəkili, BDU-nun Ümumi dilçilik kafedrasının müdiri Nizami Cəfərov “Heydər Əliyevin dil və ədəbiyyat siyasəti”, tarix fakültəsinin dekanı İbrahim Zeynalov “Heydər Əliyev: 1969-1982-ci illər intibah dövrünün banisi” mövzularında məruzə ilə çıxış ediblər.
Tədbir ədəbi-bədii hissə ilə davam edib.