Türkiyənin Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı, beynəlxalq əlaqələr ofis koordinator köməkçisi, professor Ali Çağlar Güllücə, Van Yüzüncü İl Universitetinin rektoru, professor Hamdullah Şevli və universitetin prorektoru Sabahattin Şevgin Naxçıvan Dövlət Universitetində (NDU) olublar.
Rektor Elbrus İsayev Türkiyə ali məktəblərinin rektorları ilə görüşdə əməkdaşlıq əlaqələrindən bəhs edib. Bildirilib ki, bu tarixi ənənə Ərzurum Atatürk Universiteti ilə 1992-ci ildən, Van Yüzüncü İl Universiteti ilə 1998-ci ildən başlanıb. E.İsayev vurğulayıb ki, rəhbərlik etdiyi ali təhsil ocağı ilə Türkiyənin 130-dan artıq universiteti arasında beynəlxalq əməkdaşlıq müqavilələri imzalanıb. Universitetin 55 illik tarixi inkişaf yolu, maddi-texniki bazası, müasir tədris üsulları haqda məlumat verən E.İsayev ali təhsil ocağında tibb təhsilindən, rezidentura üzrə kadr hazırlığı istiqamətlərindən, fakültənin bazasında ayrıca xəstəxananın mövcudluğundan danışıb. O, professor-müəllim heyətinin akademik göstəriciləri, elmi məqalələrin nüfuzlu jurnallarda nəşri ilə bağlı mühüm məqamları diqqətə çatdırıb. Qeyd edilib ki, ali təhsil ocağı elmi tədqiqat istiqamətli araşdırmalara üstünlük verməklə gələcək hədəflərini müəyyənləşdirir.
Türkiyənin Ərzurum Atatürk Universitetinin rektoru, professor Ömər Çomaklı qeyd edib ki, ölkəsinin ən qədim yeddi universitetindən biri olan Atatürk Universiteti mərkəzində universitet xəstəxanası olan və Şərqi Anadolu, Şərqi Qara dəniz üçün önəmli sağlıq mərkəzi roluna sahibdir.
Görüşdə Ərzurum Atatürk Universiteti ilə kənd təsərrüfatı biotexnologiyası, beynəlxalq ticarət və logistika, Erasmus+, Mövlana proqramalarının təşkili, birgə elmi konfransların təşkili, ortaq doktorantura proqramları, rezidentlərin təcrübə proqramlarına cəlbi, tələbə təşkilatlarının birgə fəaliyyəti, dizayn və incəsənət sahəsində əməkdaşlıq, kitab mübadiləsi məsələləri müzakirə olunub.
Van Yüzüncü İl Universitetinin rektoru, professor Hamdullah Şevli rəhbərlik etdiyi təhsil ocağının mövcud ixtisasları və universitetin gələcək perspektiv imkanları haqda məlumat verib.
Van Yüzüncü İl Universiteti ilə görüşdə beynəlxalq akkreditasiya qaydaları, Erasmus+, Mövlana proqramları çərçivəsində müəllim və tələbə mübadiləsi, meliorasiya və turizm sahəsində təcrübə əldə etmək, elmi, coğrafi araşdırmalar, qida mühəndisliyi, zootexnik sahəsi üzrə araşdırma mərkəzlərinin birgə fəaliyyətinə dair müzakirələr aparılıb.
Tədbirdə bu ilin yayında NDU-da keçirilməsi nəzərdə tutulan Beynəlxalq tibb forumunda hər iki universitetin iştirakı barədə razılığa gəlinib.
Sonda universitetlər arasında qarşılıqlı əməkdaşlıq protokolu imzalanıb.